Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anasının müraciətilə yerində tanış oldu və müvafiq tapşırıqlar verdi

22 dekabr 2020 | 16:00

Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi! Haqq səsimizi dünyaya çatdıran haqq savaşımız! Bu, o müharibədir ki, Azərbaycan dövləti 44 günlük savaşda tarixi ədaləti bərpa etdi. Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı-qanı bahasına mənfur düşmənin “məğlubedilməz erməni ordusu” mifini 44 günə dağıtdı, yerlə-yeksan etdi. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Və bu müharibə hərb tariximizə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı.
Bu gün bizlər də vətəndaş olaraq Vətən uğrunda canını fəda edən, sağlamlığını itirən əsgər və zabitlərimizi, hərbçilərimizi, qanları ilə dastan yazan şəhidlərimizi tanımalı və tanıtmalıyıq. Onlarla hər zaman qürur duymalıyıq. Diqqət və qayğımızı əsirgəməməliyik.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi fəaliyyətinin əsas hissəsi hesab edir. Bu amili əldə rəhbər tutan icra başçısı bu gün də öz ənənəsini davam etdirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş çavuş Əliyev Timur Nurəddin oğlunun anasının müraciətinə yerində baxıb.
Şəhid anası Selyan Əliyevanın istəyinə əsasən Xanlıqlar kəndində olub, onun məhlələrindəki su məsələsi ilə bağlı müraciətini dinləyib. Şəhid anasının və kənd sakinlərinin müraciətini diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
“Hər bir şəhid ailəsi mənim üçün doğmadır, əzizdir. Onlara qayğı göstərmək hər birimizin borcudur”, - deyən icra başçısı şəhid ailələrinə olan səmimi münasibətin, göstərilən diqqətin bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib.
Ölkə Prezidenti tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri həmin qayğının hər birimiz üçün örnək və nümunə olduğunu vurğulayıb.
Məlumat üçün qeyd edək ki, şəhid çavuş Əliyev Timur Nurəddin oğlu 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində I sinfə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə VIII sinfi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə XI sinfi bitirmişdir. 2002-ci ildə  Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) kimi xidmətə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. 13 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Şəhidimiz ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb.
Şəhid Timur Əliyev cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” və 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər