Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Təhsil Nazirliyinin əməkdaşı ilə birlikdə sərhəd kəndi olan Qaymaqlıda yeni tikilən məktəbdə yaradılan şəraitlə tanış olublar

11 fevral 2021 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazaxda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının Qazaxın timsalında bariz nümunəsidir. Təkcə ötən il Heydər Əliyev Fondu tərəfindən rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni məktəb binasının inşası, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısının əyani sübutudur.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbidir ki, artıq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik üçmərtəbəli yeni bina inşa olunub.
Ötən ilin yanvar ayından tikintisinə başlanılan və noyabrın əvvəlində tikinti işləri yekunlaşan yeni məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin tikintisini həyata keçirən podratçı təşkilatın, “ARX-AYN” MMC-nin direktoru Rasim Hüseynov və digər aidiyyəti şəxslərlə birlikdə yeni inşa edilən məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olublar.
Sinif otaqları, fənn kabinetləri, akt və idman zalları ilə tanış olan rayon rəhbərliyi və qonaqlar məktəbin tikintisini və şagirdlər üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Sərhəddə yerləşən Qaymaqlı kəndində bu cür məktəbin inşa olunmasını dövlətin, ölkə rəhbərinin gələcəyimiz olan uşaqlara göstərdiyi növbəti qayğısı hesab ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müəllim və şagirdləri yeni məktəbin tikintisi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Pandemiyadan, uzun sürən fasilədən sonra yeni məktəbdə uğurlar arzulayıb. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2021-ci il tarixli 12 nömrəli "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərarından irəli gələn vəzifələrin, tələb və tövsiyələrin layiqincə yerinə yetirilməsini bildirib.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov Təhsil naziri Emin Əmrullayevin adından müəllim və şagirdləri salamlayıb, yeni məktəblə bağlı səmimi ürək sözlərini bölüşüb. Ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan O.Abbasov düşmən üzərində olduğu kimi, gözə görünməyən COVID-19 virusuna da tez zamanda qalib gələcəyimizi vurğulayıb. Ölkə rəhbərinin “Biz birlikdə güclüyük!” şüarını əldə rəhbər tutaraq pandemiya ilə mübarizədə hər birimizin həmrəylik nümayiş etdirməli olduğumuzu söyləyib. Düşmən üzərində qələbə qazandığımız kimi, bu bəladan da birlik nümayiş etdirərək xilas olacağımızı dilə gətirib. Məktəblərdə tədrisin əyani şəkildə davam etməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü və bunun üçün xüsusi karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etmələrini tövsiyə edib.
Məktəb direktoru İlham Nəsibov, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Səmayə Kovalova, Söylü Əhmədova təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sərhəddə yerləşən Qaymaqlı kəndində onlar üçün yaradılan yüksək şəraitə görə razılıqlarını ifadə ediblər. 155 nəfər şagirdin, o cümlədən 13 nəfər birincinin yüksək səviyyədə inşa edilən yeni məktəbdə təhsil almasını gələcəyimiz olan uşaqlara göstərilən qayğının əyani sübutu kimi vurğulayıblar. Məktəbdə tədrisin əyani formada davam etdirilməsi üçün xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcəklərini, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edəcəklərini, bunun üçün böyük səylə çalışacaqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarətdir. Məktəbin həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən Qaymaqlı kəndindən olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir ki, burada şəhidlərin şəkli əks olunmuş lövhə vurulub.
Birinci mərtəbədə bir-birindən gözəl guşlər göz oxşayır. Sol tərəfdə Ulu Öndər Heydər Əliyevin Qazaxa səfərini və təhsil sahəsinə olan qayğısını əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika Prezidenti cənab İlham Əliyevin Qazaxa səfərini, gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğısını özündə əks etdirən guşə yer alır.
Birinci mərtəbədə 5 sinif otağı (1 sinif otağı məktəbəhazırlıq qrupu üçün ayrılıb), qəbul otağı, direktor otağı, tibb otağı, yeməkxana, idman zalı, idman zalı üçün inventar otağı, 2 ədəd soyunub geyinmə otağı (oğlanlar və qızlar üçün), duş otağı, 4 ədəd sanitar qovşaq yerləşir.
İkinci mərtəbədə sinif otaqlarının sayı 1-dir. Burada müavin otağı, arxiv otağı, 1 ədəd kompyuter otağı, fizika və kimya kabineti, kitabxana, 96 nəfərlik akt zalı, hərbi hazırlıq kabineti, qızlar üçün əmək otağı, 4 ədəd sanitar qovşaq yerləşir.
Üçüncü mərtəbədə isə 6 sinif otağı var. Müəllimlər otağı, müavin otağı, inventar otağı, oğlanlar üçün əmək otağı da bu mərtəbədə yerləşir. Bu mərtəbədə də 4 ədəd sanitar qovşaq ayrılıb.
Məktəbin arxa tərəfində isə qazanxana, su nasosu stansiyası, həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı, həcmi 50 kubmetr olan çirkab su anbarı, 2 ədəd sanitar qovşaq inşa edilib. Məktəb müasir istilik sistemi ilə təmin olunub.

Keçidlər