Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda məktəbəqədər təhsil müəssisələri bu gündən qapılarını körpə fidanların üzünə yenidən açıb

15 fevral 2021 | 16:00

Son vaxtlar ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-də Qazax rayonunda da məktəbəqədər təhsil müəssisələri qapılarını körpə fidanların üzünə yenidən açıb. Uşaq bağçalarının fəaliyyətinin davam etdirilməsi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına uyğun olaraq həyata keçirilir.
Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, hər birində Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən mövcud vəziyyət nəzərə alınmaqla, dezinfeksiya, eləcə də geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. 
90 yerlik Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçası da bu gündən xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi əməl etməklə yenindən fəaliyyətə başlayıb.
Bağçada işçilərin tibbi maskadan istifadəsinə, sosial məsafənin gözlənilməsinə, bağçaya gələn işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, cədvəldə qeyd olunmasına, otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqətin artırılmasına birmənalı şəkildə riayət edilir.
Bağça müdiri, tərbiyəçi müəllimlər, valideynlər bağçaların açılmasını sevinc hissi ilə qarşıladıqlarını vurğulayırlar. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qətiyyətli addımları sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərə və əldə edilən uğurlu nəticələrə görə minnətdarlıqlarını bildirirlər. Xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd edirlər.

Keçidlər