Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidləri Elfak Daşdəmirovun və Tural Məmmədovun əziz xatirələri oxuduqları məktəbdə də yad olunub

15 fevral 2021 | 16:00

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı 44 gündə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız - şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlunun da qazanılan Qələbədə payı var.
Azərbaycanın ərazi bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən də Elfak Daşdəmirovun və Tural Məmmədovun əziz xatirəsi hər zaman ehtiramla yad olunur.
İgid Vətən oğullarının əziz xatirələri oxuduqları Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin kollektivi tərəfindən də dərin ehtiramla anılır. Şəhidlərimizin keçdikləri döyüş yolu, göstərdikləri şücaət, igidlik məktəblilərə örnək göstərilir. Məktəb kollektivi Şəhidlik zirvəsinə yüksələn məzunlarının ailələrini, məzarlarını ziyarət edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi Samir Çobanovun, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının, şəhidimizin valideynlərinin, məktəb kollektivinin iştirakı ilə keçirilən anım tədbirində də igid Vətən oğullarının məktəb illərinə, döyüş yollarına nəzər salınıb, şəhidlərimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb. Tədbirdə şəhidlərimizə həsr olunmuş şeirlər səslənib, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdə çıxış edənlər ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Elfak, Tural kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildiriblər. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuzu söyləyiblər. Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün nümunə olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi Samir Çobanov çıxış edərək qeyd edib ki, bu gün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş doğma Qarabağımızda, Vətən torpaqlarında bu gün üçrəngli bayrağımız dalğalanır. Və illər ötsə belə qanları ilə dastan yazan Elfak, Tural kimi qəhrəman oğullarımız hər zaman xatırlanacaq. Azərbaycan xalqı var olduqca şəhidlərimiz də qəlbimizdə əbədi yaşayacaqlar.
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Yetişməkdə olan gənc nəslin, məktəblilərin vətənpərvər ruhda böyüməsində bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirib. Bugünkü tədbirin də əsas məqsədinin şəhidlərimizi məktəblilərə tanıtmaq, onları nümunə göstərmək olduğunu qeyd edib.
Məktəb direktoru Murğuz Mustafayev və müəllimlər məktəbin yetirməsi olan Elfak, Tural kimi oğullarımızla fəxr etdiklərini, şəhidlərimizin valideynləri qarşısında baş əydiklərini bildiriblər. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyiblər.

 

Keçidlər