Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissələrdə aparılan abadlıq işləri davam edir

23 fevral 2021 | 16:00

Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da həyata keçirilir. Bunu son illər rayonda geniş vüsət alan abadlıq işlərindən də aydın şəkildə görmək olur.
Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu sahədə işlər uğurla yerinə yetirilir. Çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə aparılan abadlıq işləri sürətlə davam etdirilir. Belə ki, prospektdə işlər başa çatan hissədə köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəz edilir, yeni asfalt örtüyünün vurulması üçün alt hissənin hazırlıq işləri aparılır. 
Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır, bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün qeyd edək ki, şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Su-kanalizasiya sisteminin çəkilişi başa çatan və abadlıq işləri aparılan Heydər Əliyev prospekti

 

 

Keçidlər