Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Aprel şəhidi baş leytenant Elvin Namazovun məzarını ziyarət edib

03 aprel 2021 | 16:00

Azərbaycan Ordusunun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış” prosesinə start verildi. Bu gün hər bir azərbaycanlı beş il əvvəl tarixə "Aprel döyüşləri”, "Aprel müharibəsi” və ya "dördgünlük müharibə” kimi daxil olan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və 4 gün davam edən döyüş zamanı düşməndən azad edilən Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi keçirir. Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci ildə qazandığımız Qələbənin təməli də məhz beş il əvvəl qoyuldu. Aprel döyüşlərinin təcrübəsi, əldə olunan məlumatlar, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı bizi qazandığımız uğura apardı. Məhz Aprel döyüşləri düşmənə, onun havadarlarına Azərbaycan Ordusunun gücünü, qələbə əzmini sübut etdisə, bütün dünyaya da Azərbaycanın tarixi ədaləti bərpa etməklə öz dədə-baba, əzəli torpaqlarından əl çəkməyəcəyini göstərdi. Aprel qələbəsi və yekun Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrün ən yaxşı ordularından biri olduğunu və modern müharibə qanunlarına uyğun olaraq səmərəli fəaliyyətini nümayiş etdirdi.
Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəldi.
Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun da xatirəsi hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən anım və doğum günlərində dərin ehtiramla yad olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində olub, igid Vətən oğlunun məzarını ziyarət edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və şəhidimizin ailə üzvləri ilə birlikdə məzarı üstünə tər qərənfillər düzərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra icra başçısı ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün şəhidimiz Elvin Namazovun uca bir məqama - Şəhidlik zirvəsinə ucaldığı gündən 5 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov elə bir şanlı yol keçib ki, başda ölkə rəhbəri olmaqla hər bir azərbaycanlı onunla fəxr edir.

Rayon rəhbəri Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qısa bir zamanda ordumuzun qazandığı nailiyyətlərdən də söz açıb. Rayon rəhbəri tarixi qələbəmizin əldə olunmasında 2016-cı ilin Aprel döyüşlərinin mühüm əhəmiyyəti olduğunu, "Dəmir yumruğ”un ilk zərbəsinin məhz həmin döyüş zamanı vurulduğunu qeyd edib. İcra başçısı illər ötsə belə xalqımızın nə bizi Qarabağda böyük qələbəmizə aparan şanlı Aprel döyüşlərini, nə Vətən müharibəsini, nə də həmin döyüşləri tarixə yazdıran Elvin Namazov kimi oğulları unutmayacağını bildirib. Elvin Namazov kimi oğullarımızın keçdiyi döyüş yolunun böyüməkdə olan gənclərimizə hər zaman örnək olduğunu vurğulayıb.
Şəhidimizin atası Məmməd Namazov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi qələbədən söz açan şəhid atası oğlu Elvinin, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhunun şad olduğunu bildirib.

Baş leytenant Namazov Elvin Məmməd oğlu


Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir.
Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.
Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən  "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.

 

Keçidlər