Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb xidməti leytenantı

10 aprel 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu haqqında yazılmış "Tibb xidməti leytenantı” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

Tibb xidməti leytenantı

İnsana bəxş olunmuş ömrün qısa və ya uzun olması əsas şərt deyil. Elə uzun ömürlər var ki, heç zaman yada düşmür, xatırlanmır. Elə ömürlər də var ki, qısa olmasına baxmayaraq daim söz açılır, anılır. Ömrün qiymətli, yaddaqalan olmasında əsas şərt onun örnək olması, gələcək nəsillərə nümunə göstərilməsidir. Belə ömür yaşamış insanlar zaman-zaman xatırlanır, illər keçdikcə anılaraq yüksək qiymət alırlar.
Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu belə bir ömür yaşamış, gələcək nəsillərə nümunə olacaq bir həyat sürmüşdür. Onun nümunəvi ömür sürməyinin ən bariz nümunəsi müəllimlərin, alimlərin, tələbə yoldaşlarının, ətrafında olmuş insanların, münasibət saxlamış adamların onun haqqında yüksək fikir söyləməsi, ona müsbət dəyər verməsidir. Kimliyindən, hansı vəzifədə olmasından, statusundan asılı olmayaraq, hamı Adil Əfəndiyevi xoşrəftar, mehriban, gülərüz, çalışqan, bilikli, gələcəyi işıqlı və ən nəhayət, Vətənini, xalqını sevən bir gənc, bir hərbi həkim, dost, yoldaş kimi xatırlayır. Ona görə xatırlayırlar ki, Adil Əfəndiyev, cəmi 25 yaşı olmasına baxmayaraq, dost, yoldaş, həmkar kimi böyük hörmət qazanmış, bir hərbçi kimi isə döyüş meydanında qəhrəmanlıq göstərmiş, canını bütün varlığı ilə sevdiyi Vətən yolunda fəda edərək əbədiyyətə qovuşmuşdur.
Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənləri üzrə Məktəb-Liseydə oxuyub. 2012-ci ildə həmin təhsil müəssisəsini bitirənə qədər bilikli olması ilə diqqəti özünə cəlb eləmiş, gələcəyinə böyük ümidlər bəslənilmişdi. Müəllimləri onun tanınmış mütəxəssis, böyük elm adamı olacağına inanırdılar. Çünki Adil Əfəndiyevi işıqlı sabah, nurlu gələcək gözləyirdi.
Anası Afət xanım danışır:
- Tarix müəllimi işləyən babası Fərid müəllim deyirdi ki, balam gələcəkdə general olacaq. Nənəsi isə nəvəsinin həkim olmasını arzu edirdi.
Adil Əfəndiyev 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 2018-ci ildə həmin institutun "Hərbi həkim işi" ixtisasını bitirərək həm babasının, həm də nənəsinin istəklərini həyata keçirmiş, hərbi həkim olmuşdu.
Tibb Universitetini qurtarmaq onun üçün hələ son hədd deyildi. Bacısı Nərmin deyir ki, Adil həyatını planlar üzərində qurmuşdu. O, bir müddət işlədikdən sonra təhsilini davam etdirmək, rezidenturaya qəbul olmaq arzusunda idi. Türkiyədə oxuyub ali dərəcə almaq da onun gələcək planlarına daxil idi. O, öz gələcəyini elm sahəsində, həm də yüksək ixtisaslı həkim kimi görürdü.
Adil Əfəndiyev ali təhsilini başa vurduqdan sonra təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda "N" saylı hərbi hissədə tibb xidməti leytenantı kimi hərbi xidmətə başlamışdı. Məsafə uzaq olduğundan və vaxtın azlığından evlərinə gedib-gələ bilmirdi. Atası Qədir kişi deyir ki, Adil 2019-cu ilin dekabr ayında 20 günlük məzuniyyətə gəlmişdi. Dekabrın 31-də Adili Qazaxdakı avtovağzaldan Bakıya yola salırdım. Gecə saat 11 idi. Avtobusun içində Adillə görüşüb yerə düşdüm. Sonra gəlib onun pəncərəsinin önündə dayanıb yola düşməsini gözləməyə başladım. Birdən ürəyim elə sıxıldı, elə sıxıldı ki, təzədən avtobusa minib onu bərk-bərk qucaqladım. Sən demə, bu, bizim sonuncu görüşümüz imiş.
Vətən müharibəsi başlayanda Adil Əfəndiyev də cəbhəyə yola düşür. "N" saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı kimi müharibəyə qatılır. Bacısı Nərmin xanım danışır:
- Adil Xüsusi Təyinatlı Qüvvələrdə hərbi həkim olması ilə fəxr edirdi. Müharibənin başlaması və qoşunlarımızın torpaqlarımızı azad etməsi lap ürəyindən idi. Elə sevinirdi ki...
Oktyabrın 22-də Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində qanlı döyüşlər gedirdi. Xocavəndin Tuğ kəndində düşmən itirdiyi mövqeyini geri almaq istəyirdi. Bu zaman "N" saylı hərbi hissənin komandiri polkovnik-leytenant Anar Əliyev səngərdə ağır yaralanır. Əsasnaməyə əsasən yaralını döyüş meydanından sanitar, feldşer çıxartmalıdır. Amma bu qaydalara və edilən xəbərdarlıqlara baxmayaraq Adil Əfəndiyev döyüş meydanına girərək komandirə ilk tibbi yardım göstərir. Həmin an Adil sinəsindən güllə ilə vurulur və düşmənə yaxın olduqları üçün səngərin onun olduğu hissəsinə əl qumbarası (F-1) atılır. Komandirlə hərbi həkim səngərdə qəhrəmancasına şəhid olur. 25 yaşlı gənc həkim, tibb xidməti leytenantı Adil Əfəndiyev döyüş meydanında əbədiyyətə qovuşur.
Qəhrəman şəhidimiz Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Şəhidlik zirvəsinə yüksəlmiş tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər