Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Orxan Əliyevin anadan olmasının 21-ci ildönümü qeyd olunmuşdur

11 avqust 2016 | 16:00

Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əliyev Orxan Məhəmməd oğlunun  Aslanbəyli kəndində doğum günü qeyd olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Aparatın məsul işçiləri, şəhidin ailə üzvləri və doğmaları, hərbi hissənin və SHXÇDX Rayon şöbəsinin əsgər və zabitləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi əlilləri, veteranları, şəhid ailələri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. İlk əvvəl,  Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və şəhidin məzarı önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbiri Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq şəhidin həyatı və keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq ilə ordunun birliyi sayəsində  işğal altındakı  bütün torpaqlarımız azad olunacaqdır. Ali baş komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin  ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını və Orxan kimi şəhid hərbiçilərimizin qanının yerdə qalmayacağını bildirmişdir.
Tədbirdə şəhidin döyüş yoluna nəzər salanlar onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduğunu söyləmişlər. Bildirilmişdir ki, Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə “Avtomobil nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci bitirmişdir.
Əliyev Orxan kollecdə oxuduğu müddətdə çalışqan, tərbiyəli, nizamlı-intizamlı  və məsuliyyətli tələbə olub. Ona dərs deyən müəllimlərin rəğbətini qazanıb. Kollecdə təhsil aldığı müddətdə müəllimlərin yaddaşında nümünəvi tələbə kimi qalıb. O, yaxşı insan olmaqla yanaşı, həmdə çalışqan, tələbə yoldaşlarına qarşı mehriban olub.
Orxan Əliyev hərbi dərslərdə həmişə fəal iştirak edib. Onda vətənpərvərlik ruhu hələ tələbəlik illərindən formalaşmışdır. Hər an torpaqlarımızın erməni işğalçılarından azad olunmasını düşünürdü.
Orxan Əliyev 02.04.2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəli medalı ilə təltif olnmuşdur.
Daha sonra qeyd olunmuşdur ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimiz kimi, Orxan Əliyev də heç zaman unudulmayacaq və onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Sonda orta məktəb şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş şerlər səsləndirilmiş və  kompozisiya göstərilmişdir.

Keçidlər