Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni tikilən məktəbdə olub və görülən işlərlə maraqlanıb

18 may 2021 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, son illər Azərbaycan təhsili ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı sayəsində özünün intibah dövrünü yaşayır. Ulu Öndərin təhsil siyasəti ölkə başçısının, Heydər Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata keçirilən uğurlu layihələrlə davam etdirilir. Dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlardır. Azərbaycanda təhsil sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsi respublikamızın bütün bölgələrində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüzlərlə məktəb binalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulmasıdır. Ölkə rəhbərinin bu sahə ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar, verdiyi tapşırıqlar da bunun əyani sübutudur.
Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək” layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.
Bu gün təqdirəlayiq haldır haldır ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Hazırda Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və icra aparatının məsul şəxsləri ilə birlikdə Sarıvəlli kənd tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb.
Görülən işlər haqda məlumat verən iş icraçısı Elnur Verdiyev yeni tikilən məktəbdə işlərin sürətlə davam etdirildiyini qeyd edib. O, 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını bildirib. Qeyd edib ki, ötən ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr (hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançasının inşa edildiyini də diqqətə çatdırıb.
Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını bildirirlər.

Keçidlər