Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə kənd sakinlərinin müraciətinə yerində baxıb

16 iyun 2021 | 16:00

Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin mərkəzində hər zaman vətəndaş amili dayanır. Həyata keçirilən tədbirlərdə, atılan bütün addımlarda vətəndaş məmnunluğu əsas götürülür. Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, Qazaxda da vətəndaş mövqeyi hər zaman üstün tutulur.
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı göstərilir. Onları narahat edən məsələlərə hər zaman  həssaslıqla yanaşılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də olduğu kimi icra edilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən düşmən işğalına məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə kənd sakinləri ilə mütəmadi olaraq görüş keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələyə qayğı ilə yanaşması bunun bariz nümunəsidir. 
İyunun 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax Rayon Prokuroru Rauf Gözəlov, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Darvin Hüseynov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovla birlikdə Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə yaşayan bir qrup məcburi köçkünlə görüşüb, onların müraciəti ilə yerində tanış olub. Vətəndaşların tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə yaradılmış tullantı sutəmizləyici qurğudan çirkab suyunun axıdılması ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi bu məsələyə də həssaslıqla baxılacağını bildirib və məsələnin aradan qaldırılması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıq verib.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bu qayğının bu gün də ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. İcra başçısı dövlətin, ölkə başçısının məcburi köçkün ailələrinə olan qayğısını əldə rəhbər tutaraq onların qayğılarına hər zaman həssaslıqla yanaşdığını qeyd edib.
Qəsəbədə məskunlaşan Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə məcburi köçkün ailələri adından minnətdarlığını bildirib.

 

 

Keçidlər