Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Birinci Qarabağ müharibəsinin iştirakçıları ilə görüşüb

03 avqust 2021 | 16:00

Rəhbər təyin olunduğu ilk gündən hər zaman Qarabağ müharibəsi əlillərinin və veteranlarının, şəhid ailələrinin yanında olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də öz qayğısını onlardan əsirgəmir. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə hər an dövlətin, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Qarabağ müharibəsi əlillərini, onların ailə üzvlərini daim diqqətdə saxlayır. Bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə hər cür qayğı göstərilir. Onları narahat edən məsələlər, qayğılar rayon rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Rayon rəhbərinin müharibə əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirməsi demək olar ki, bir ənənə halını alıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlovla birlikdə Birinci Qarabağ müharibəsinin əlilləri və veteranları ilə görüşüb. Bu görüşdə də müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə və məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından söhbət açılıb.
İcra başçısı əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri olmuş mərhum Kamandar Məmmədovun xatirəsinin hər zaman əziz tutulduğunu bildirib. Onun birlikdə yaratdığı abu-havanın, əlillər arasında olan səmimi münasibətin və həmrəyliyin bundan sonra da onun istədiyi kimi olacağını qeyd edib.
Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısından söz açan icra başçısı qeyd edib ki, siz qazilər bu qayğını hər an hiss etmisiniz. İstər yeni mənzillərin verilməsi, istər yeni avtomobillərin hədiyyə olunması, istərsə də sosial rifah halınızın yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlarla həmişə bu qayğının, dövlət dəstəyinin şahidi olmusunuz. Rayon rəhbəri qeyd edib ki, dövlətin bu təbəqədən olan insanlara göstərdiyi qayğısının nəticəsidir ki, hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin, Qarabağ döyüşlərində sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yüksək dövlət qayğısının onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha diqqətə çatdırıb.
İcra başçısı bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərildiyini bildirib. Məhz 2019-cu il aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə Mehriban xanımın şəxsən iştirak etməsini, hərbçilərlə səmimi şəkildə görüşməsini göstərilən qayğının və ən yüksək insani keyfiyyətin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri bildirib ki, aprelin 3-də Qarabağ qaziləri ilə keçirilən səmimi görüşü izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. Həmin görüş onu sübut etdi ki, dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı olan insanlar varsa, onların, eləcə də Vətən torpaqlarının azadlığı uğrunda sağlamlığını itirən sizin kimi mərd və igid oğulların arxasında, yanında dayanır.
Rayon rəhbəri Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan Azərbaycan Ordusunun şücaətindən, gücündən geniş bəhs edib. İcra başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətini Prezident İlham Əliyev elə bir zirvəyə ucaldıb ki, bu gün Azərbaycan bütün dünyada nəinki güclü dövlət kimi tanınır, həm də artıq bizim gücümüzlə hamı hesablaşır. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı qeyd edib ki, həmin döyüşlərdə güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu nümayiş etdirdi. Qazandığımız tarixi Qələbənin müəllifi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz, Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizdir.
İcra başçısı bildirib ki, respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonu da Vətən müharibəsində xeyli sayda şəhid verdi, neçə-neçə oğulları torpaq uğrunda sağlamlığını itirdi. Bu gün Azərbaycan dövləti, ölkə rəhbəri Vətən müharibəsində uca zirvəyə yüksəlmiş şəhidlərimizin, sağlamlığını Vətən yolunda itirən qazilərimizin ailələrini də daim diqqətdə saxlayır. Birinci Qarabağ müharibəsinin şəhidlərinə, onların ailələrinə, qazilərinə necə qayğı göstərilirdisə, Vətən müharibəsi şəhidlərinin, qazilərinin ailələri də o cür qayğı ilə əhatə olunurlar.
“Hər zaman çalışmışam ki, atdığım addım siz qazaxlıların başını uca etsin”, - deyən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu meyarı hər zaman ön planda tutduğunu vurğulayıb. “Bu millət, xalq, torpaq uğrunda döyüşən və sağlamlıqlarını itirərək əlil olan hər bir Qarabağ müharibəsi əlilinin yaxşı yaşamağa haqqı var”, - deyən icra başçısı son illər Qazaxda bu təbəqədən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb.
Rayon Prokuroru Rauf Gözəlov ölkə başçsı və dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən qayğıdan söz açaraq bu qayğının hər birimiz üçün nümunə olduğunu vurğulayıb. Vətən uğrunda canından keçən şəhidlərimizi yad etməyin, onların ailələrinə, sağlamlığını itirən qazilərimizə qayğı göstərməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu qeyd edib.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qarabağ müharibəsi veteranlarından və əlillərindən Rəhman Rüstəmov, Rəşad Qocayev və başqaları çıxış edərək bugünkü görüşə görə minnətdarlıqlarını bildiriblər. Qarabağ qaziləri qeyd ediblər ki, sizin hər dəfə bizlərlə görüşməyiniz bizi çox sevindirir. Çünki biz bu qayğını siz gələn ilk gündən hiss etmişik. Bu gün də fəxr edirik ki, sizin bizlərə olan qayğınız, səmimi münasibətiniz necə vardısa, elə də davam edir. Sizinlə olan hər görüşümüz bizim qayğılarımızın həlli deməkdir. Bu gün biz qazilər rayon rəhbəri ilə deyil, sanki öz doğmamızla, qardaşımızla görüşüb, söhbət edirik. Çünki bu səmimiyyəti siz yaratmısınız. Bu gün biz qazilər ona görə sevinirik ki, ölkə başçısının bizlərə olan qayğısını sizin timsalınızda hər an hiss edirik. Qazilər olaraq yaxşı bilirik ki, bizim arxamızda dayanan dövlətimiz, ölkə başçımız və sizin kimi rəhbərimiz var. Ən əsası da biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik. Həmin qürur hissini isə bizlərə yenə də dövlətimiz, dövlət başçımız, Birinci vitse-prezidentimiz və sizin kimi rəhbərimiz yaşadır.
Qarabağ müharibəsi əlilləri və veteranları ilə səmimi söhbət edən icra başçısı onları narahat edən müxtəlif səpkili müraciətlərini də dinləyib. Qazilərimizin qayğıları ilə maraqlanan rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu günə kimi ölkə başçısının sizlərə olan qayğısı iş fəaliyyətimin əsas hissəsini təşkil edib, bu, bundan sonra da belə davam edəcəkdir.

Keçidlər