Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Birinci Qarabağ müharibəsinin iştirakçıları ilə görüş

08 avqust 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon prokuroru Rauf Gözəlovla birlikdə Birinci Qarabağ müharibəsinin əlilləri və veteranları ilə görüşüb. Bu görüşdə də müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə və məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından söhbət açılıb.
İcra başçısı əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri olmuş mərhum Kamandar Məmmədovun xatirəsinin hər zaman əziz tutulduğunu bildirib. Onun ictimai birlikdə yaratdığı ab-havanın, əlillər arasında olan səmimi münasibətin və həmrəyliyin bundan sonra da onun istədiyi kimi olacağını qeyd edib.
Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısından söz açan icra başçısı qeyd edib ki, siz qazilər bu qayğını hər an hiss etmisiniz. İstər yeni mənzillərin verilməsi, istər yeni avtomobillərin hədiyyə olunması, istərsə də sosial rifah halınızın yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlarla həmişə bu qayğının, dövlət dəstəyinin şahidi olmusunuz.
2019-cu il aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə Mehriban xanımın şəxsən iştirak etməsini, hərbçilərlə səmimi şəkildə görüşməsini göstərilən qayğının və ən yüksək insani keyfiyyətin bariz nümunəsi kimi qiymətləndirilir.
44 günlük Vətən müharibəsindən söz açan icra başçısı qeyd edib ki, həmin döyüşlərdə güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu nümayiş etdirdi. Qazandığımız tarixi Qələbənin müəllifi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz, Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizdir.
İcra başçısı bildirib ki, respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonu da Vətən müharibəsində xeyli sayda şəhid verdi, neçə-neçə oğulları torpaq uğrunda sağlamlığını itirdi. Bu gün Azərbaycan dövləti, ölkə rəhbəri Vətən müharibəsində uca zirvəyə yüksəlmiş şəhidlərimizin, sağlamlığını Vətən yolunda itirən qazilərimizin ailələrini də daim diqqətdə saxlayır.
Rayon Prokuroru Rauf Gözəlov ölkə başçısı və dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən qayğıdan söz açaraq bu qayğının hər birimiz üçün nümunə olduğunu vurğulayıb. Vətən uğrunda canından keçən şəhidlərimizi yad etməyin, onların ailələrinə, sağlamlığını itirən qazilərimizə qayğı göstərməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu qeyd edib.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qarabağ müharibəsi veteranlarından və əlillərindən Rəhman Rüstəmov, Rəşad Qocayev və başqaları çıxış edərək bugünkü görüşə görə minnətdarlıqlarını bildiriblər. Qarabağ qaziləri qeyd ediblər ki, sizin hər dəfə bizlərlə görüşməyiniz bizi çox sevindirir. Çünki biz bu qayğını siz gələn ilk gündən hiss etmişik. Bu gün də fəxr edirik ki, sizin bizlərə olan qayğınız, səmimi münasibətiniz necə vardısa, elə də davam edir. Sizinlə olan hər görüşümüz bizim qayğılarımızın həlli deməkdir. Qazilər olaraq yaxşı bilirik ki, bizim arxamızda dayanan dövlətimiz, ölkə başçımız var. Ən əsası da biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik. Həmin qürur hissini isə bizlərə yenə də dövlətimiz, dövlət başçımız, Birinci vitse-prezidentimiz yaşadır.
Qarabağ müharibəsi əlilləri və veteranları ilə səmimi söhbət edən icra başçısı onları narahat edən müxtəlif səpkili müraciətlərini dinləyib. Qazilərimizin qayğıları ilə maraqlanan rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını qeyd edib.


Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
08 avqust 2021-ci il

Keçidlər