Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi leytenant Məhəmməd Məmmədovun doğulduğu Alpout kəndində adını əbədiləşdirən bulağın açılışı olub

13 avqust 2021 | 16:00

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci ilin 27 senytabrında haqq səsimizi bütün dünyaya çatdıracaq Vətən müharibəsinə başladı. Şanlı Ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü, əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bu haqq savaşında Azərbaycan Ordusu 44 gündə hərb tariximizə uzun illər boyu danışılacaq Zəfər salnaməsi yazdı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu üzərinə düşən missiyanı uğurla həyata keçirərək ərazi bütövlüyümüzü düşməni əzə-əzə, qova-qova bərpa etdi. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdı.
Qarabağı, işğalda olan torpaqlarımızı qanı bahasına bizlərə qaytaran igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur.
Avqustun 13-də igid Vətən oğlunun doğulduğu Alpout kəndində adını əbədiləşdirən bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin üzvləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə igid Vətən oğlunun kənd qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra kənd məktəbinin yanında şəhdimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Məhəmməd kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Məhəmmədin xatirəsinin daim əziz tutulacağını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. Döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını, gələcək nəsillər üçün nümunə və örnək olduqlarını bildirib. Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Məhəmmədin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
26 yaşında Şəhidlik zirvəsinə ucalan Məhəmmədin döyüş meydanında göstərdiyi qəhrəmanlığından danışan icra başçısı onun bu şücaətinin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri açılışına toplaşdığımız bulağın şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
“Bu gün ölkə başçısı, Birinci vitse-prezident şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün örnəkdir. Nəinki dövlət məmuru, vicdanı olan hər kəs şəhidlərimizi yad etməli, hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, daim qayğı göstərməlidir. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. Qazilərimizin əvvəlki sağlamlıqlarına qovuşmaları üçün dövlətimiz tərəfindən lazım olan bütün tədbirlərin həyata keçirildiyini bildirib. Qazilərimizin yüksək səviyyədə müalicə olunmaları üçün xarici ölkələrə göndərildiyini qeyd edib.
İcra başçısı dövlətimizin və ölkə başçısının şəhid ailələrinə və qazilərimizə göstərdiyi həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının hər zaman yüksək səviyyədə olacağını vurğulayıb.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan N.Alıyev Vətən, yurd, el-oba sevgisinin onların qanlarında olduğunu, kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə almalarından irəli gəldiyini qeyd edib. Məhəmməd Məmmədovun da məhz əsl vətənpərvər kimi böyüdüyünü, Vətənə olan sevgisini də döyüş meydanında göstərərək Şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Məhəmməd tək oğulların daim qəlblərdə yaşayacağını söyləyən natiq onları yaşatmağın, gələcək nəsillərə tanıtmağın hər birimizin borcu olduğunu qeyd edib. Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan N.Alıyev Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabının, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib və yüksək qiymətləndirib.
“Şəhidlərimiz bizim qürur yerimiz, fəxrimizdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm”, - söyləyən təqaüddə olan Əməkdar müəllim Sakibə Nəbiyeva bugünkü Qələbəmizə görə Məhəmməd kimi qəhrəman oğullarımıza borclu olduğumuzu və onların heç zaman unudulmayacağını bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək 44 günlük Vətən müharibəsinin bütün dünyaya səs saldığını qeyd edib. Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında birləşən igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğunu söyləyib. B.Vüsal bildirib ki, xalqımızın birliyi, həmrəyliyi, Ali Baş Komandanın yanında olmaları sayəsində 44 günlük savaşda Qələbə bizim oldu. Şair çıxışının sonunda qəhrəman şəhidlərimizə yazdığı "Şuşanı alan oğullar” adlı şeirini söyləyərək onların əziz xatirəsini ehtiramla yad edib.
Vaxtilə şəhidimizə dərs demiş Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Səhlədar Hidayətoğlu Məhhəməd Məmmədovun məktəb illərindən söz açıb. Məktəbdə nümunəvi davranışı, cəsurluğu, Vətən sevgisi ilə hər zaman seçildiyini bildirib. Özü tarix-coğrafiya fakültəsini bitirməsinə baxmayaraq onda olan Vətən sevgisinin hərb sahəsinə gətirdiyini, Vətəni canı qədər sevdiyi üçün onun uğrunda Şəhidlik zirvəsinə ucaldığını qeyd edib.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək qəhrəman şəhidimizin əziz xatirəsini ehtiramla yad edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə görə başda Ali Baş Komandan olmaqla şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bir daha diqqətə çatdırıb. Vətəndaş olaraq şəhidlərimizin ruhu qarşısında olan borcumuzu qaytarmaq üçün onların ailələrinə ehtiramla yanaşmalı olduğumuzu, şəhid ailələrinin baş tacımız olduqlarını əməli işlərimizlə hiss etdirməyi bildirib.
Kənd ağsaqqalı Əhəd Vəliyev çıxış edərək 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəni şəhidlərimizin canı, qanı bahasına əldə etdiyimizi bildirib. Bizə tarixi Qələbəni bəxş edən şəhidlərimizin ailələri ilə yanaşı hər kəsin onlarla qürur duyduğunu söyləyib.
Şəhid atası Zakir Məmmədov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı Məhəmməd və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Məhəmmədin adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Daha sonra rayon rəhbəri igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyib.

 

Leytenant Məmmədov Məhəmməd Zakir oğlu


Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout  kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Qarabağ uğrunda gedən döyüşlərdə canlarını fəda verən bütün şəhidlərimizin, eləcə də Məhəmməd Məmmədovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyərək Allahdan rəhmət diləyirik. Ruhun şad olsun igid Vətən oğlu!.

 

 

 

 

Keçidlər