Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni tikilən məktəbdə son tamamlanma işləri ilə tanış olub

01 sentyabr 2021 | 16:00

Son illər cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğı onu deməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ən əsası da Ulu Öndərin təhsil siyasəti ölkə başçısının, Heydər Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata keçirilən uğurlu layihələrlə davam etdirilir. Bunu dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələrdən, həyata keçirilən tədbirlərdən, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlardan aydın şəkildə görmək olur.
Təqdirəlayiq hal isə odur ki, Azərbaycanda təhsil sahəsinə olan yüksək dövlət qayğısı respublikamızın bütün bölgələrində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində, yüzlərlə məktəb binalarının tikilməsində və yaxud da əsaslı şəkildə yenidən qurulmasında özünü göstərir. Ölkə rəhbərinin bu sahə ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar, verdiyi tapşırıqlar da bunun bariz nümunəsidir.
Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək” layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.
Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. 
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Hazırda bu məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Demək olar ki, məktəbdə son tamamlanma işləri aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı ilə birlikdə yeni tikilən məktəbdə son tamamlanma işləri ilə tanış olub, mövcud vəziyyətlə maraqlanıb. 
Görülmüş işlər barədə məlumat verən iş icraçısı Elnur Verdiyev 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradıldığını bildirib.
Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr (hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası inşa edilib.
Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıq edir, razılıqlarını bildirirlər.

Keçidlər