Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi leytenant Elmar Bayramlının doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib

02 sentyabr 2021 | 16:00

Vətən müharibəsi!. 2020-ci ilin 27 sentyabrından başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.
Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən və Şəhidlik adlı uca zirvəyə yüksələn Vətən oğullarından biri də şəhid leytenant Bayramlı Elmar İsa oğludur.
Bu gün yaşasaydı 23 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Elmar Bayramlının doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid leytenantımızın doğum gününü unutmayıb. Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Elmar Bayramlının cənnətdəki ilk doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli,  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, vaxtilə təhsil aldığı Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru Mahmud Pənahov, sinif rəhbəri Camal Qurbanov ilə birlikdə şəhidimizin dəfn olunduğu Yuxarı Salahlı kənd qəbiristanlığında məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb. Torpaq uğrunda canından keçən igid Vətən oğlunun ruhuna dua oxunub, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Elmar kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
"Bu gün Elmarın yaxınları, əzizləri, onu tanıyanlar doğum gününü onsuz qeyd etsə də, o, daim bizim qəlbimizdə yaşayır. Elmar döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə bizim qəlbimizə və yaddaşımıza yazıldı. O qəhrəmanlıq ki, Ali Baş Komandan İlham Əliyev imzaladığı Sərəncamlarla Elmarın igidliyini, şücaətini qiymətləndirdi. "Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif etdi. 23 yaşında Şəhidlik zirvəsinə ucalan Elmar qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Elmarın igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnək olacaqdır”, - deyən rayon rəhbəri Elmar tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə hər zaman qürur duyulacağını bildirib.
Şəhidlərimizin ildönümlərinin yaxınlaşdığını qeyd edən icra başçısı ötən 1 ildə olduğu kimi bundan sonra da hər zaman şəhid ailələrinə diqqət və qayğı göstəriləcəyini, onların daim dövlətin qayğısı ilə əhatə olunacaqlarını vurğulayıb. İllər keçsə belə şəhidlərimizin və onların ailələrinin unudulmayacağını qeyd edib. “Elmar kimi qəhrəmanlarımız qanları ilə şanlı tarix yazdılar. Nə xoşbəxtik ki, bizlər həmin tarixin canlı şahidləri olduq. Bizlər də çalışmalıyıq ki, həmin tarixi qoruyub saxlayaq, gələcək nəsillərə çatdıraq”, - deyən rayon rəhbəri bu gün Elmarın doğum günündə ailəsi ilə birlikdə olmağı özünə borc bildiyini söyləyib.
"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı, onların şəhid ailələri qarşısında baş əyirəm söyləməsi hər bir dövlət məmuru, eləcə də hər kəs üçün örnəkdir”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırıb.
Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Hazırda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin hazırlandığını, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.
Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun atası, Birinci Şıxlı kənd ümumi orta məktəbin direktoru Mahmud Pənahov çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Övladının, eləcə də Elmar kimi minlərlə qəhrəman oğullarımızın dövlət, xalq, ölkəmizin suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçdiklərini vurğulayıb. Hər birimizin başını uca edən övladı Rövşən və Elmar kimi igid oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bildirib.
Şəhidimizin məktəb illərindən söhbət açan sinif rəhbəri Camal Qurbanov şagirdi olmuş Elmar Bayramlı ilə qürur duyduğunu bildirib. “Savadı, davranışı ilə seçilən şagirdlərdən olub Elmar. Hər zaman fərqlənməyi, seçilməyi qarşısına məqsəd qoyardı. Bu gün Elmar Şəhidlik zirvəsinə ucalmaqla nəinki seçildi, qəlblərdə, ürəklərdə daimi məskən saldı. Elə bir zirvəni fəth etdi ki, illər ötsə belə ucaldığı zirvə ilə gələcək nəsillərə örnək olacaq. Bu gün tarix yazan belə qəhrəman şagirdin müəllimi olduğum üçün fəxr edirəm. Elmar tək mənim qəlbimdə deyil, bütün insanların, onu sevənlərin qəlbində yaşayacaq”, - deyən Camal müəllim Elmar kimi qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaəti gələcək nəsillərə çatdırmağı özünə borc bildiyini qeyd edib. 
Şəhid atası İsa Bayramov hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Elmarın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.
Şəhid babası Əhməd Süleymanov da dövlətimiz tərəfindən şəhidlərimizin, qazilərimizin ailələrinə göstərilən qayğıdan razılığını bildirib.

Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır.
Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

  

 

 

 

 

Keçidlər