Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN qatar” Qazaxda vətəndaşların xidmətindədir

06 sentyabr 2021 | 16:00

Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”ların bölgələrimizdə vətəndaşlara xidmət göstərməsi artıq bir ənənəyə çevrilib.
İlk dəfə olaraq 2017-ci ildə fevralın 1-dən 15-nə kimi Qazaxda fəaliyyətə başlayan Səyyar "ASAN qatar”ın əməkdaşları tərəfindən sakinlərə göstərilən xidmətlərdən vətəndaşlar bu gün də razılıq edirlər. İkinci dəfə, 2018-ci ilin sentyabr ayının 3-dən 27-dək Qazaxda fəaliyyət göstərən Səyyar "ASAN qatar”ın vətəndaşlara göstərdiyi xidmətlər bir daha göstərdi ki, dünyada brend kimi tanınan "ASAN xidmət”in nüfuzu ildən-ilə artır. Üçüncü dəfə, 2019-cu ilin sentyabr ayının 2-dən oktyabr ayının 1-dək, dördüncü dəfə, 2020-ci ildə fevral ayının 3-dən 29-dək, beşinci dəfə, iyun ayının 10-dan 25-dək sakinlərə xidmət göstərən Səyyar "ASAN qatar”ın əməkdaşları bir daha nümayiş etdirdi ki, bütün xidmətlərin göstərilməsində əsas məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır.
Bu il artıq altıncı dəfə Səyyar "ASAN qatar” Qazaxda sentyabr ayının 1-dən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında vətəndaşlara xidmət göstərməyə başlayıb.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilir.
Sentyabrın 30-dək Səyyar "ASAN qatar” vasitəsilə sakinlərə 30 gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) daxildir.
Bu günə kimi müraciət etmiş 401 nəfərdən 374 nəfərə xidmət göstərilmişdir.
3 vaqondan ibarət Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Onu da qeyd edək ki, Səyyar “ASAN qatar”da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə əməl olunur. İstər Səyyar “ASAN qatar”ın əməkdaşları, istərsə də vətəndaşlar tibbi maskadan istifadə edirlər və sosial məsafə gözlənilir.
Regional İnkişaf İctimai Birliyinin "Gənc Könüllülər”inin də iştirak etdiyi Səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.

 

Keçidlər