Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Qazaxın Çaylı kəndində tikilərək istifdəyə verilən yeni həkim məntəqəsi ilə tanış olub

08 oktyabr 2021 | 16:00

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Qazax rayonunun Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən köhnə həkim məntəqəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib.
Oktyabrın 8-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Qazax rayonunun Çaylı kəndində  tikilmiş yeni inzibati binaya baxışla əlaqədar Qazax rayonunda səfərdə olub.
Əvvəlcə səfir Vada Cüniçi, Yaponiya səfirliyinin əməkdaşı Natəvan Vəkilova, "Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant layihəsi proqramı üzrə Konsultantlar Haşimoto Takuma, Zakir Əliyev, "Qazax rayonunun Çaylı kəndində yeni həkim məntəqəsinin tikilməsi” layihəsinin layihə rəhbəri Təranə Kərimova, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşblər.
Sonra rayonla yaxından tanış olan yaponiyalı diplomat yeni həkim məntəqəsində yaradılan şəraitlə tanış olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının rəhbəri, tibb üzrə fəlsəfə doktoru Azər Dəmirov, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova və digər qonaqlar yaponiyalı diplomatla birlikdə yeni həkim məntəqəsinə baxış keçiriblər.
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsi olaraq tikilən həkim məntəqəsi barədə məlumat verərək bildirib ki, inzibati binanın ümumi sahəsi 120 kv.m-dir. Baş həkim, ailə həkimi ilk yardım, ginekoloq, peyvənd, pediatr olmaqla, 5 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən istilik sistemi ilə təchiz edilib, sanitar qovşağı yaradılıb, avadanlıqlarla təmin olunub. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin Qazax rayonuna səfərlərini, Yaponiya-Azərbaycan dostluğu əsasında Qazaxda inşa olunan həkim məntəqələrinin açılışlarını özündə əks etdirən fotoşəkillərdən ibarət guşə yaradıldığını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Çaylı kəndində tikilən yeni həkim məntəqəsinin istifadəyə verilməsi münasibətilə məntəqədə çalışan tibb işçilərini, kənd sakinlərini təbrik edib. Qazaxda tikilən yeni həkim məntəqəsinə görə rayon ictimaiyyətinin, ziyalıların adından Yaponiya dövlətinə və səfirinə, layihə rəhbərlərinə minnətdarlığını çatdırıb və əməkdaşlığın bundan sonra da davam etdirilməsini arzulayıb. Bu gün yüz minə yaxın əhalisi olan Qazaxda Rayon Mərkəzi Xəstəxanasının, Müalicə Diaqnostika Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən icra başçısı kəndlərdə belə məntəqələrin tikilməsinin xüsusi yeri olduğunu vurğulayıb. Yaponiya-Azərbaycan dostluğunun bariz nümunəsi olaraq tikilən bu həkim məntəqəsinin Çaylı və Bala Çaylı kəndləri ilə yanaşı, sərhəd kəndlərin sakinlərinə də xidmət göstərəcəyini bildirən rayon rəhbəri bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi çıxış edərək tibb işçilərini salamlayıb və yeni həkim məntəqəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib. Qazax rayonuna ilk dəfə səfər etdiyini bildirən səfir Yaponiya Hökumətinin Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Bu günə kimi Qazaxda bu layihə də daxil olmaqla, 4 layihənin icra edildiyini bildirib. 2010-cu ildə rayonun Məzəm kəndində su təchizatı sisteminin tikintisi, 2015-ci ildə Daş Salahlı kəndində, 2018-ci ildə Yuxarı Salahlı kəndində həkim məntəqəsinin tikintisi ilə bağlı layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb. Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə imzalanmış "Qazax rayonunun Çaylı kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin uğurla icra edilməsindən söz açıb və görülmüş işləri yüksək qiymətləndirib. Bu layihənin Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi yapon xalqından qrand yardımı əsasında reallaşdığını bildirib. Yapon xalqından Qazax sakinlərinə hədiyyə kimi dəyərləndirib. Azərbaycan ilə Yaponiya dövləti arasında dostluq əlaqələrinin hələ min il əvvələ söykəndiyini bildirən səfir iki ölkə arasında mövcud olan sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışıb, gələcəkdə də bu əlaqələrin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə böyük ehtiyac olduğunu bildirib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova çıxış edərək qonaqları salamlayıb, Yaponiya ilə Azərbaycan arasındakı səmimi münasibətdən, dostluq əlaqələrindən söz açıb. Çaylı kəndində inşa olunmuş bu məntəqənin ümumilikdə 16 mindən çox sakinə xidmət göstərəcəyini bildirib və kollektivə bu istiqamətdə uğurlar arzulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının rəhbəri, tibb üzrə fəlsəfə doktoru Azər Dəmirov çıxış edərək Qazax rayonunun Çaylı kəndində yeni həkim məntəqəsinin tikintisinə görə Agentliyin adından təşəkkürünü çatdırıb.
Çaylı kənd sakini Yasin Əkbərov çıxış edərək bildirib ki, Çaylı kəndində yeni həkim məntəqəsinin istifadəyə verilməsi bütün rayon ictimaiyyəti, kənd sakinləri üçün olduqca əlamətdar hadisədir. Yaponiya ilə ölkəmiz arasındakı əlaqələrin dərin köklərə malik olduğunu qeyd edən natiq Respublika Prezidenti İlham Əliyevin iki ölkə arasında olan bu səmimi münasibətə böyük önəm verdiyini qeyd edib. Qərbin qapısı sayılan Qazaxda yeni həkim məntəqəsinin tikintisinə görə kənd sakinləri adından minnətdarlığını ifadə edib, həmin məntəqənin Yaponiya ilə Azərbaycan arasında olan dostluğun və əməkdaşlığın əyani sübutu kimi dəyərləndirib.

 

 

 

Keçidlər