Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidov Qazaxda Vətən müharibəsi qaziləri və şəhid ailələri ilə görüşüb

08 oktyabr 2021 | 16:00

Azərbaycanın 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir il arxada qalır. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də digər yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları xalqımızın 30 illik yurd həsrətinə son qoymaq üçün döyüş meydanına atıldılar. Göstərdikləri qəhrəmanlıqlarla, şücaətlə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. 44 günlük haqq savaşında tarixi ədaləti bərpa edən igid Vətən oğulları bugünkü və gələcək nəsillər üçün dastana çevrildilər. Qazandığımız böyük Qələbə ilə bütün dünya həm də qüdrətli Azərbaycan dövlətini, güclü Azərbaycan Ordusunu tanıdı. Cənab Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşən qəhrəman oğullarımız onun "Qarabağ Azərbaycandır və nida işarəsi” devizini 44 gün ərzində reallığa çevirdilər.
"Qarabağ Azərbaycandır!” şüarı Qazaxın igid, mərd, cəsur oğullarının da dillər əzbəri, həyat amalı oldu. Bu şüarı əldə rəhbər tutan igid, vətənpərvər oğullarımız torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksəldilər. Vətən müharibəsinin şəhidi olaraq adlarını hərb tariximizə qızıl hərflərlə əbədi yazdılar. Torpaq uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu bizlərə, gələcək nəsillərə miras qoyan oğullarımızla bu gün hər birimiz fəxr edirik. Ən əsası da ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Vətən müharibəsi şəhidlərinin ildönümləri ərəfəsində onların ailələrini ziyarət edib. Torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən Vətən müharibəsi qaziləri ilə görüşərək qayğıları ilə maraqlanıb.
Vətən müharibəsi qaziləri mayor Əliyev Xəyyam Şəadət oğlunun, leytenant Vəliyev Tural İsa oğlunun, şəhidlərdən əsgər Vəliyev Anar Həmzə oğlunun, (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlunun, çavuş Pənahov Elməddin Məqsəd oğlunun, gizir Şükürov İlkin Aslan oğlunun ailəsi ziyarət edilərək qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət dilənib. Şəhidlərimizin ailələrinə, yaxınlarına, valideynlərinə bir daha başsağlığı verilib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı qeyd edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü şanlı Qələbəmizə, Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında hərb tariximizə yeni salnamə yazan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirib. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdiyi diqqət və qayğının bu gün hər kəs üçün nümunə olduğunu söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da istər qazilərimizə, istərsə də şəhidlərimizin ailələrinə göstərilən diqqətin, qayğının davam etdiriləcəyini qeyd edib.
Qazaxda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açan icra başçısı bunun bariz nümunəsi olaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət yaradılan guşəni, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulmasını, şəhərin N.Nərimanov küçəsində şəhidlərin xatirələrini əbədiləşdirmək məqsədilə inşa olunan Abidə Kompleksini qeyd edib.
"Şəhidlərimiz bizim baş tacımız, fəxrimiz, qürur yerimizdir. Bugünkü qələbəmizə görə şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borcluyuq”, - deyən Milli Məclisin deputatı Səməd Seyidov bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib, ailələrinə bir daha başsağlığı verib. Torpaq uğrunda canından keçən vətənpərvər oğullar böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyini bildirib. Millət vəkili Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında birləşən şəhidlərimizə, qazilərimizə hər zaman borclu olduğumuzu qeyd edib. “İllər ötəcək, nəsillər dəyişəcək. Lakin şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq”, - deyən millət vəkili qanları ilə tarix yazan oğullarımızın döyüş yolunun, həyatının, Vətən üçün göstərdikləri qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının ən ümdə vəzifə olduğunu vurğulayıb. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğını yüksək qiymətləndirən qazilərimiz, şəhid ailələri həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin döyüş meydanında göstərdikləri igidliklərini qiymətləndirərək orden və medallara layiq görülməsini, adlarının əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildiriblər. Qazilərimiz, şəhid ataları, anaları bütün şəhidlərimizlə qürur duyduqlarını, onlarla fəxr etdiklərini dilə gətiriblər. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər.

Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, Vətən müharibəsi qazisi, mayor Əliyev Xəyyam Şəadət oğlunun ailəsi

"Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, Vətən müharibəsi qazisi, leytenant Vəliyev Tural İsa oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun ailəsi

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun ailəsi

Keçidlər