Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi kiçik gizir Röyal Mədətovun ildönümüdür

24 oktyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrı xalqımızın yaddaşına əbədi həkk olundu. Nə qədər çətin bir il olsa da, biz həmin ili Qələbə ilə başa vurduq. Bu Qələbəni bizlərə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 30 illik həsrətdən sonra bu gün biz qalib ölkənin vətəndaşı olaraq Qarabağa Böyük Qayıdışın təntənəsini yaşayırıq. Və bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq.
28 yaşlı kiçik gizir Mədətov Röyal Şahin oğlu da Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı.
Bu gün, oktyabrın 24-də qəhrəman şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. İgid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Hüseynbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad olunub.  Qəhrəman şəhidimizin təltif olunduğu "Şuşanın azad olunmasına görə” medalı anasına təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb. A.Vəliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrinin daim əziz tutulacağını qeyd edib. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Röyal Mədətovun hər zaman dərin ehtiramla yad ediləcəyini bildirib. Röyal tək qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu söyləyib. Şəhidlərimizi yad etməyin, xatirələrini əziz tutmağın, ən əsası da igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığı gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu qeyd edib. A.Vəliyev əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha dilə gətirib.  Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Bütün şəhid ailələri kimi, Röyal Mədətovun ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət ayrıldığını vurğulayıb.
Şəhid anası Zərifə Cəlilova oğlu Röyalın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Röyalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib.

Kiçik gizir Mədətov Röyal Şahin oğlu


Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.
Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər