Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidi Niftalı Qocayevin cənnətdəki doğum günü qeyd olunub

20 noyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi, İkinci Qarabağ savaşı hərb tariximizə və xalqımızın yaddaşına əbədi həkk olundu. Bu müharibədə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbənin müəllifinə çevrildilər və öz adlarını tarixə əbədi yazdılar.
Şəhid əsgər Qocayev Niftalı Zakir oğlu da düşmən üzərində möhtəşəm qələbə qazanmaq naminə Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirmək, Vətən torpaqlarını azad etmək üçün döyüşə yollanmışdı. Bu gün Niftalı da ürəyi Vətən eşqi ilə döyünən, torpaq uğrunda canından keçən igid oğullarımızın sırasında dayanır. Həm də Şəhidlik adlı uca zirvəni fəth edən bir oğul kimi...
Bu gün yaşasaydı 27 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 5 medalla təltif olunmuş Niftalı Qocayevin cənnətdəki doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür.  Bu amili əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır.
Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Baş mütəxəssis-komendant Leyla Muradova şəhidimizin ata ocağında olub, şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar.
Rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdıran Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov Niftalı kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını söyləyib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan S.Çobanov həmin zəfərdə payı olan Niftalı kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. O, Niftalı və onun kimi igid oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Niftalının təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu söyləyib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri kimi, Niftalı Qocayevin ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim diqqət ayrılacağını vurğulayıb.
Şəhid atası Zakir Qocayev şəhid ailəsi kimi ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını bildirib. Göstərilən qayğıya görə razılığını bildirərək minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını, doğum günündə xatirəsinin anılmasını Niftalının timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib. Oğlu Niftalının, eləcə də onun kimi igid Vətən oğullarının hər zaman fəxr, qürur yeri olacağını söyləyib.

Əsgər Qocayev Niftalı Zakir oğlu
 

Şəhid Niftalı Qocayev 20 noyabr 1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitimişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 01.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”,  24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

     

 

 

 

 

 

 

 

Keçidlər