Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda narkomaniya və erkən nikah mövzularında keçirilən maarifləndirmə tədbirləri davam etdirilir

26 noyabr 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında, mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti tədbirlər 24-25 noyabr tarixlərində Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbdə, Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbdə, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdə və Aslanbəyli kənd tam orta məktəbdə təşkil olunub.  
“Narkomaniya bəşəriyyətin bəlasıdr!” adı altında keçirilən tədbirlərdə Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə Osmanova, məktəbin müəllim və şagirdləri, kənd ağsaqqalları iştirak ediblər.
Tədbirdə çıxış edən Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, qeyd edib ki, hazırda Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.
Rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn tədbirlərə hər bir ölkə vətəndaşının dəstək olmalı olduqlarını vurğulayıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu bir daha bildirib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib. Bildirib ki, adətən, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur. Gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynlər fəal olmağa çağırılıb.
Tədbirdə erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açılaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqlarının olduğu vurğulanıb. Qeyd edilib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.
Məktəb direktorları, müəllimlər çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.
Maraqlı diskusiya şəklində keçirilən tədbirlərdə şagirdləri maraqlandıran suallar da cavablandırılıb.

Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəb

Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəb

Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb

Aslanbəyli kənd tam orta məktəb

Keçidlər