Şriftin ölçüsü :

Saytın rəngi :

“Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı təmir olunur

29 noyabr 2021 | 16:00

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, ADA Universiteti “Bir müəllimin manifesti” ixtisasartırma proqramına başlayıb. Sevindirici haldır ki, Universitetin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası da əsaslı təmir olunur.
Cari ilin oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Seminatiyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi də imzalanıb. Sənədi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev imzalayıblar. Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.
Noyabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd və digər aidiyyatı şəxslər Qazax Müəllimlər Seminariyasında olub, binanın təmiri ilə bağlı görülmüş işlərlə yaxından maraqlanıblar.
Seminariyanın bərpa işlərini həyata keçirən layihəçi və baş podratçı “PMD PROJECTS” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev, baş memar Fizuli Əliyev, bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev və digər əməkdaşlar görülmüş işlər barədə ətraflı məlumat verərək hazırda söküntü və bərpa-gücləndirmə işlərinin aparıldığını qeyd ediblər.
Görülmüş işlərlə yaxından tanış olan ADA Universitetinin rektoru Hafiz Paşayev lazımi tapşırıq və tövsiyələrini də verib.
ADA Universitetinin “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir və sonsuz minnətdarlıq hissi ilə qarşılanır.

 

Keçidlər