Şriftin ölçüsü :

Saytın rəngi :

Şair Barat Vüsalın doğum günü qeyd olunub

17 mart 2017 | 16:00

Qazaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsalın doğum günü qeyd olunmuşdur.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov tədbirdə çıxış edərək Barat Vüsalı anadan olmasının 66 illiyi münasibətilə səmimi qəlbdən təbrik etmiş, ona cansağlığı və gələcək işlərində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Qazax rayonu Azərbaycan ədəbiyyatına öz adını şairləri, yazıçıları, saz-söz adamları ilə qızıl hərflərlə yazdırıb. Qazax torpağı ədəbiyyatımıza Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Mehdi Hüseyn və eləcə də digər dahi şəxsiyyətlər bəxş edib. Bu gün isə onların yolunu davam etdirən, onların tutduğu yolla gedən şairlərimizdən biri də əməkdar incəsənət xadimi Barat Vüsaldır. O, ədəbiyyatımızda öz dəst-xətti ilə seçilən şairlərimizdəndir.
  Sonra icra başçısı cənab Rəcəb Babaşov əməkdar incəsənət xadimi, şair Barat Vüsala Fəxri Fərman və hədiyyə təqdim etmişdir.
  Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, AYB Qazax zona filialının ədəbi-məsləhətçisi Mustafa Rasimoğlu, şairlərdən AYB-nin üzvləri Tamella Poladlı, Bilal Qoca, Sərvinaz Həsənli, Cavanşir Rüstəm, ağsaqqallardan Sabir Məhərrəmov, Kamal Əhmədov, Böyük Vətən Müharibəsi veteranı Xanqulu Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Qazax rayon şöbəsinin sədri Vidadi Müftizadə, rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov, suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov və başqaları çıxış edərək şairi səmimi qəlbdən təbrik etmişlər və ona ədəbiyyatımızın inkişafı naminə gələcək işlərində daha böyük uğurlar arzulamışlar. 
  Sonda şair Barat Vüsal çıxış edərək ona göstərdiyi diqqət və qayğıya görə, bütövlükdə Qazax yazarlarına, saz-söz adamlarına verdiyi dəyərə görə Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki,  cənab Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən biz sənət adamlarına göstərdiyi diqqət və qayğı bütün Azərbaycan Ədəbiyyatına verilən dəyərdir.

Keçidlər