Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: ilin birinci rübünün yekunları ürəkaçandır

26 aprel 2017 | 16:00

Qazax rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə edilmiş və ilin birinci rübünə yekun vurulmuşdur.
Tədbirdə RİHB Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların  rəhbələri, İcra nümayəndələri və bələdiyyə sədrləri, SİB-nin və işçi qrupunun üzvləri, fermerlər, ictimaiyyət və KİV nümayəndələri, ağsaqqallar iştirak etmişlər.
Yığıncağı Rayon İcra Hakimiyyətinin  Başçısı cənab Rəcəb Babaşov açaraq geniş məruzə ilə çıxış edərək bildirdi ki, 2017-ci ilin birinci  rübü rayon üçün uğurlu olmuşdur.
2017-ci ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş  və müsbət nəticələr əldə olunmuşdur.
Kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin etmək məqsədi ilə  Qazax Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən   birinci rübdə plana uyğun  olaraq  arxlarda 112 min kub metr lildən təmizləmə işləri aparılmışdır. Rayon İcra hakimiyyətinin bilavasitə rəhbərliyi ilə 269 kilometr  uzunluğunda arx və kanallar kol-kosdan, lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.  
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 71 baş bala alınmış və həmin balalara görə subsidiyaların alınmasına görə sənədlər Respublika Komissiyasına təqdim edilmişdir. 117 baş iribuynuzlu heyvanlarda süni mayalanma aparılmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır.
2017-ci ilin birinci rübündə Qazax Elektrik şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kilovoltluq Daş Salahlı və Şıxlı yarım stansiyalarında, eləcə də 11 ədəd 35/10 kilovoltluq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. 
Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. 219 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 98 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz olunmuşdur.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi  orta,7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan  11691 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1713 nəfər müəllim məşğul olur.
Məhəmmədəli Pəhləvan adına güləş zalında əsaslı təmir işləri başa çatmış və istifadəyə verilmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 9, Respublika yarışlarında 34 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
Fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar “ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərilmişdir. 15 gün ərzində xidmətlərdən 4531 nəfər vətəndaş yararlanmışdır.
Qazax şəhəri ərazisində hərbi şəhərcikdə Şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq   tikilib istifadəyə verilmişdir. 3 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksinin tikintisi başa çatmışdır. 
Hər  birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində  2 yeni Əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-ə yaxın  yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i  istifadəyə verilmiş, 6-sında işlər yekunlaşmış, 2017-ci ildə isə daha 5 yaşayış evinin tikintisinə başlanılmışdır.
BDU-nin Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə torpaq ayırma sənədləri hazırlanır.
Məruzə ətrafında çıxış edənlər görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

           Vəli VƏLİYEV
           "Respublika"
   21.04.2017-ci il

Keçidlər