Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndlərinin əhalisi təhlükəsiz şəraitdə yaşayırlar və kənd təsərrüfatı işlərilə məşğul olurlar

08 iyun 2017 | 16:00

Sərhəd kəndlərində yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi günün ən vacib vəzifələrindən biridir. Bu məqsədlə rayon İcra Haskimiyyətinin Başçısı cənab Rəcəb Babaşov sərhəd kəndlərində görüşlər keçirir. Növbəti belə görüş rayonun  Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində olub. Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşlərdə sərhəd kəndlərində yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışılıb.
Kəmərli kəndində olan görüşdə çıxış edən rayon İcra Haskimiyyətinin Başçısı cənab Rəcəb Babaşov bildirib ki, hazırda təsərrüfatda işlərin qızğın vaxtının olmasına baxmayaraq bizim bugünkü görüşümüz də zərurətdən irəli gəlir. Bu gün bura toplaşmağımızın əsas və başlıca məqsədi sakinlərin, xüsusilə də sərhəd kəndlərində yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi və bu sahədə görülən işlər barədə siz sakinlərə məlumat verməkdən ibarətdir. Hər kəsə məlumdur ki, fəaliyyətə başladığım ilk gündən sərhəd kəndlərinə hər zaman diqqət və qayğı ilə yanaşmışam. Sakinlərin təhlükəsizliyinin təminatı olaraq Məzəm, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində istinad divarlarının çəkilməsi, düşmən gülləsinə baxan pəncərələrin hörülməsi, alternativ yolun çəkilməsi bu istiqamətdə görülən işlərdəndir.
Cənab R.Babaşov çıxışı zamanı onu da qeyd edib ki, bu gün hər birimiz üçün xırda hesab etdiyimiz bir məsələ gələcəkdə kəndin, bütöv bir el-obanın sakinləri üçün təhlükə mənbəyi ola bilər. Odur ki, siz sakinlər kənddə yaranan hər hansı kiçik bir məsələ olsa belə dərhal təhlükəsizlik tədbirləri görməli, məsələ ilə bağlı aidiyyatı orqanları xəbərdar etməlidirlər.
  Sakinlərdən Məhəmməd Məmmədov, Rəhim Rəhimov, Tapdıq Mansurov, Cəmhur Əhmədov və başqaları çıxış edərək hər zaman onlarla belə mütəmadi görüşlər keçirdiyinə və problemlərinin həlli istiqamətində həyata keçirdiyi işlərə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Günün növbəti görüşü sərhəddə yerləşən Qaymaqlı kəndində olub. Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov sakinlərlə səmimi görüşdükdən sonra bugünkü tədbirin məqsədi barədə məlumat verib. Qeyd edib ki, rayonumuz düşmənlə 168 km məsafədə yerləşir. Ona görə də nəinki sərhəd kəndlərinin sakinləri, bütövlükdə rayon sakinləri ehtiyatlı olmalı, ən kiçik məsələdə belə ayıq-sayıqlığı əldən verməməlidir. Çünki güc birlikdədir. Bizlər gücümüzü bir yerə sərf etsək bu sahədə daha effektiv işlər görə bilərik.
Qaymaqlı kənd sakinlərindən şəhid atası Əmirxan Bəşirov, Rüstəm Eyyubov və başqaları çıxış edərək rayon rəhbərliyini salamlayıb, onlara göstərilən bu səmimi münasibətə və verilən dəyərə görə öz minnətdarlıqlarını bildiriblər.
Günün sonuncu görüşü isə Aslənbəyli kəndində olub. Bu görüşdə də təhlükəsizlik məsələləri ilə yanaşı, kənd təsərrüfatı işlərindən də söz açılıb.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov qeyd edib ki, mən eşitdiyimi deyil, gördüklərimi həyata keçirirəm. Mən hər kəsdən yaxşı bilirəm ki, hansı kənddə hansı problem var. Bəli, harda iş varsa, orda problem də olmalıdır. Lakin biz çalışmalıyıq ki, həmin problemin kökünü tapıb həll edək. Həlli vacib olan problemləri kökündən həll edək ki, bir daha həmin məsələlərlə qarşılaşmayaq. Bir vaxtlar Aslanbəyli kəndində də bir sıra problemlər vardı. Həmin problemlər tədricən aradan qaldırıldı, zaman-zaman onların həlli istiqamətində vacib işlər həyata keçirildi. Bu gün də bəzi problemlər var. Əmin olun ki, onlar da aradan qaldırılacaqdır. Əsas odur ki, ürəkdə istək və inam olsun. Belə olan halda dağı dağ üstə aşırmaq olar.
Sakinlərdən şəhid atası Əhməd Məmmədov, Əminə Şəmmədova, Hava İsmayılova və başqaları çıxış edərək rayonda, eləcə də kənddə həyata keçirilən işlərə görə öz dərin minnətdarlıqlarını bildirib, gələcək işlərində rayon rəhbərliyinə uğurlar arzulayıblar.

 

Keçidlər