Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”nə həsr olunmuş tədbir keçirilib

13 iyun 2017 | 16:00

Qazaxda “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdənov, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
  Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi  önünə gül dəstələri qoyub əziz xatirəsini yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində olan qonaqlar dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti ilə tanış olublar.
  Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Misir Mərdanovu salamladıqdan sonra bildirib ki, bugünkü qüdrətli Azərbaycan dövləti Ulu Öndər  Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.  1994-cü ildə imzalanmış “Əsrin kontraktı” layihəsi Azərbaycan dövlətinin inkişafında müstəsna rol oynamışdır.
Bu uğurlu siyasətin davamçısı olaraq 2003-cü ildən Cənab Prezident İlham Əliyev Azərbaycanın inkişafı və çiçəklənməsi uğrunda böyük səylər göstərmişdir. Ulu Öndərin "Təhsil Millətin gələcəyidir" devizini rəhbər tutaraq təhsil inkişafına xüsusi önəm vermişdir.  Respiblikanın hər yerində o cümlədən rayonumuzda ümumtəhsil məktəblərinin əksəriyyəti yenidən tikilmiş  və əsaslı təmir olunmuşdur.
Respublikanın qərb qapısı, Azərbaycana saysız hesabsız müəllim və ziyalı bəxş etmiş Qazax rayonunda Bakı Dövlət Universitetinin filialının açılması da məhz bu qayğının nəticəsidir.
Cənab Prezidentin qarşıya qoyduğu əsas məqsədlərdən biri  məhz neft kapitalının insan kapitalına çevrilməsi olmuşdur.  Bu gün Azərbaycanda bu istiqamətdə böyük işlər görülür, gənclərimiz ali təhsil almaq üçün dövlət hesabına dünyanın müxtəlif ölkələrində adlı-sanlı universitetlərə göndərilir. Həmin universitetlərdə mütəxəssis kimi yetişmiş gənclərimiz öz vətənlərinə qayıtdıqdan sonra Azərbaycanımızın iqtisadi, mədəni sahələrdə inkişaf etməsi üçün əllərindən gələni əsirgəmirlər.
Bu gün Silahlı qüvvələrimizin güclü dünya orduları arasında öz layiqli yerini tutması, iqtisadiyyatımızın, səhiyyəmizin günü-gündən inkişaf etməsi, neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələr həyata keçirilməsi, mədəniyyət və idman sahəsində məqsədyönlü addımların atılması inkişafın təcəssümüdür.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də milli-maddi və qeyri-maddi mənəvi irsimizin qorunub saxlanılması, təbliği, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür.
BMT-nin sivilizasiyalar alyansının 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi multikulturalizmin təşviqi baxımından mühüm tədbir olmuşdur. Bu möhtəşəm tədbirdə 147 ölkəni təmsil edən 4 mindən artıq nümayəndə qatıldı. Tədbirin möhtəşəmliyi bir daha Azərbaycanın beynəlxalq multikultural mərkəz olaraq  dünyaya tanıdılmasının sübutu oldu.
“Avroviziya”, “İlk Avropa oyunları”, “IV İslam oyunları”, 42-ci Ümumdünya şahmat olimpiadasının və “Formula-1”  kimi mötəbər beynəlxalq tədbirlərin təşkil edilməsi Azərbaycanın beynəlxalq arenada böyük nüfuza malik olmasının göstəricisidir.
Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilməsi bunu bir daha təsdiq edir.
Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə, müsəlman aləmində böyük rəğbətə layiq ölkədir. IV İslam oyunlarında ölkəmizin ümumi hesabda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanması Azərbaycanı idman ölkəsi olaraq dünyada bir daha tanıtdırdı.
XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi göstərdi ki, Azərbaycan dünyada neft-qaz hasil və ixrac edən etibarlı tərəfdaş kimi tanınmışdır.
“Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm də qaz hasil və ixrac edən ölkəyə çevirmişdir.
“Cənub Qaz Dəhlizi” dünya miqyasında nadir layihədir və Avropa məkanında infrastruktur layihələri arasında birincidir.
Bununla belə, Neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin qarşıya qoyduğu hədəflərdəndir. 2014-cü ilin sənaye ili elan edilməsi və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün dövlət proqramı”nın qəbul edilməsi bu sahədə işlərin kompleks şəkildə, ardıcıllıqla aparılmasına təkan vermişdir.
Qeyri-neft sektorunun inkişafında böyük paya sahib olan aqrar sektorda intensiv texnologiyaları tətbiq etməklə sənaye tipli iri müəssisələrin yaradılmasına da xüsusi diqqət yetirilir.
Bu gün respublikamızın hər yerində müxtəlif növ kənd təsərrüfatı məhsulları becərilməkdədir. Bu sahənin inkişaf etdirilməsi əhalinin məşğulluğunun kütləviliklə təmin olunmasına şərait yaradır, həmçinin ölkəmiz üçün əhəmiyyət kəsb edən məhsulların idxaldan asılılığını aradan qaldırır.
Son günlərdə əkin sahələrinin və əkinə yararlı həyətyanı torpaq sahələrinin suvarılmasını təmin etmək üçün Respublika ərazisində 150 ədəd subartezian quyusunun qazılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı dövlətin bu sahəyə nə qədər önəm verdiyinin açıq nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir ki, Respublikanın dövlət büdcəsi 2003-cü ildə 6 milyard manat  olduğu halda hazırda artaraq 17 milyardadək çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının siyasi uzaqgörənliyi, diplomatik məharəti, dünya iqtisadiyyatında gedən prosesləri dərindən bilməsi nəticəsində bu gün müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin  çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyat olduğu göstərilmişdir. 
Qeyd edilən nəticələr İlham Əliyevin xalqın dəstəyinə söykənən, regionların davamlı sosial-iqtisadi inkişafını və bununla da vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasını təmin edən siyasətin müdrikliyinə və uzaqgörənliyinə, hədəflərimizin əzəmətinə və reallığına inandırıcı sübutdur.
  Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdənov geniş məruzə ilə çıxış edib. “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” adlı məruzədə ölkə başçısının yürütdüyü daxili və xarici siyasətdən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən ətraflı bəhs edib. Son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi inkişafdan, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə lider dövlətə çevrilməsindən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlər və idman yarışlarından, aparılan geniş abadlıq və quruculuq işlərindən danışıblar.
Daha sonra çıxışlar olub. Qazax RİHB aparatında aparıcı məsləhətçilər Kəmalə Cəfərova, Müşviq Pirverdiyev, məsləhətçi Vəfa Cəbiyeva, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, təhsil şöbəsində aparıcı məsləhətçi Rasim Carçıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin müxtəlif prioritetlərindən söz açıblar.
  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov tədbirə yekun vuraraq ölkə başçısının rəhbərliyi altında rayonumuzda görülən işlərdən, həyata keçirilən tikinti-quruculuqdan danışıb. Sonda Qazaxa göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına  bütün rayon ictimaiyyəti adından öz dərin minnətdarlığını bildirib.

Keçidlər