Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhid ailələri üçün iftar süfrəsi açılıb

15 iyun 2017 | 16:00

Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində mühüm işlər görür.
Hər bayram və əziz günlərdə rayonumuzda olan bütün şəhid ailələri rayon rəhbərliyi tərəfindən anılır, onlara maddi və mənəvi yardımlar göstərilir. Onu da qeyd edək ki, artıq bu, Qazaxda ənənə şəklini alıb.
  Bütün bayram və əziz günlərdə olduğu kimi Ramazan bayramı ərəfəsində də şəhid ailələri unudulmayıb, onlar üçün iftar süfrəsi açılıb. İftar Süfrəsi  Qafqaz Müsəlmanları idarəsinin bölgə qazisi, Qazax Cümə Məscidinin axundu İlham Süleymanovun bayram duaları ilə başlanılmış və şəhidlərin ruhuna dualar oxunmuşdur.
  Qazax rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün təşkil olunmuş iftar süfrəsində şəhidlərin yaxınları, doğmaları, ata və anaları, oğul və qızları, həyat yoldaşları iştirak etmişlər.
  Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova şəhid ailələrini qarşıdan gələn  ramazan ayı münasibətilə təbrik edib və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı rayonda həyata keçirilən tədbirlərdən və görülmüş işlərdən danışmışdır. Qeyd etmişdir ki, bütün şəhidlərimizin ruhu hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu gün bizlər rahat və suveren şəraitdə yaşayırıqsa, bu, onların sayəsindədir. Bu gün biz şəhidlərimizə borcluyuq. Çünki onlar bizlər üçün öz canlarından keçiblər. Şəhidlərimizə, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək, onların adını daim uca tutmaq isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Onlar bizlərlə olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayacaqlar.
Tədbirin sonunda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna bir daha dualar oxunmuş və əziz xatirələri yad olunmuşdur.
Axırda şəhid ailələri, onların ailə üzvləri və doğmaları bu cür diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər