Şriftin ölçüsü :

Saytın rəngi :

Barama artıq böyük gəlir gətirir

22 iyun 2017 | 16:00

Qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi istiqamətində görülən işlər bir sıra qədim peşə növlərinin aktuallığını da önə çəkib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini diqqətə çatdırmış, iqtisadi baxımdan gəlirli olan, minlərlə insanın iş yerinə çevriləcək baramaçılıq sektorunun böyuk əhəmiyyətini qeyd etmişdir.
Dövlət başçısının regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal sahələrinin yaradılması ilə bağlı verdiyi tövsiyə və tapşırıqların icrası istiqamətində Qazaxda da bir sıra işlər həyata keçirilir. Artıq ikinci ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri bu sahəyə də maraq göstərir, baramaçılığın sirlərini öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar. Sahə ilə bağlı dövlətin dəstəyini hər an hiss edən  kümçülər barama istehsalını artırır,  ailələrinin dolanışığını təmin edirlər.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov söhbət zamanı dedi ki, bu il rayonda ötən illə müqayisədə 3 dəfədən çox ipəkqurdu bəslənilib. Hazırda baramanın yığım dövrüdür. Kümçülər bu il 5 tona yaxın məhsul təhvil verəcəklərinə əmindirlər.
Ən çox barama saxlayan kəndlərdən biri Kosalar kəndidir. Rayon icra hakimiyyətinin məsul işçisi Sərdar Orucov dedi ki, Kosalar rayonda böyük kəndlərdəndir. 4470 sakini, 1136 təsərrüfatı var. Əhalisi çox işgüzardır. Əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. 200 hektarda taxıl əkiblər. Keçən il hər hektardan 31 sentner məhsul götürüblər. Bu il əkin sahələrini artıraraq 277 hektara çatdırıblar. Son iki ildir ki, baramaçılığı da inkişaf etdirmək həvəsindədirlər.
Bunun üçün Çin Xalq Respublikasından gətirilmiş 20 min ədəd tut tinginin bir hissəsi bu kəndin ərazisində əkilmişdir.
Kənd sakini Murad Alıyev də baramaçılığın hər cəhətdən sərfəli olduğunu deyir. Odur ki, keçən il iki qutu barama saxlayaraq 126 kiloqram məhsul təhvil verdi. Bu il 5 qutu barama qurdu bəsləyir. Bu işdə ona 5 nəfər ailə üzvü yaxından kömək göstərir. Artıq baramanın yığımına başlanılıb. Qısa vaxtda “Şəki-İpək” ASC-yə 200 kiloqram barama təhvil verib və pulunu da alıb. O deyir ki, bu hələ işin sonu deyil. Yaxın günlərdə daha 100 kiloqram barama təhvil verəcək.
Keçən il təhvil verilmiş baramadan 1000 manat gəlir götürən ailə üzvləri bu il qazanclarının daha çox olacağına əmindirlər.


           Sabir ƏLİYEV,
           “Azərbaycan”

Keçidlər