Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər ölmürlər, əbədi yaşayırlar

13 iyul 2017 | 16:00

Aprel şəhidi kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. Hərbiçi olmaq arzusu ilə yaşayan Mühüd 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) bitirib.
O, bununla kifayətlənməyərək daim öz üzərində çalışıb. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunub. Bütün əsgərlərinin, döyüş yoldaşlarının, yüksək rütbəli şəxslərin hörmətini qazanan Mühüd xidmətdə göstərdiyi uğurlara görə qısa zaman müddətində Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinədək yüksəlib.
Bundan əlavə dəfələrlə Fəxri Fərmanlarla təltif olunub, medallara layiq görülüb. 5 dəfə medalla mükafatlandırılan Mühüd Orucova verilən ən böyük hədiyyə isə Prezident, Ali Baş Komandan İlham Əliyev tərfindən təqdim edilən yadigar qızıl qol saatdır.
M.Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər, Goranboy istiqamətlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərək qəhrəmancasına “Şəhidlik” zirvəsinə ucalmışdır. Doğulub boya-başa çatdığı Fərəhli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Kapitan Orucov Mühüd Qurban oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Eyni zamanda ölümündən sonra Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən şəhərin mərkəzində, Heydər Əliyev prospektində şəhidin adını əbədiləşdirən abidə-bulaq kompleksi tikilmişdir.
Bütün bunlarla yanaşı Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş “Qarabağa doğru” adlı film çəkilmişdir.
Bu gün Mühüdün evində iki əkiz oğul övladı böyüyür: Vüqar və Anar. Ataları canını Vətənə qurban verərək özünə əbədi ad qazandı. Xalqımız, dövlətimiz Vətən torpağı uğrunda şəhid olan Mühüd kimi öz qəhrəman oğullarını heç vaxt unutmayacaqdır.
Allah rəhmət eləsin.

Keçidlər