Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

26 iyul 2017 | 16:00

Qazaxda Azərbaycanın Xalq Yazıçısı İsmayıl Şıxlının vəfatının 22-ci ildönümü münasibətlə anım mərasimi keçirilmişdir.
Yazıçının şəhər parkında xatirəsinə ucaldılmış abidəsi önündə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, yazıçı və şairlər, jurnalistlər, müəllimlər, yazıçının yaxın qohumları,  ictimaiyyət və  KİV  nümayəndələri  iştirak etmişlər.
Tədbirə toplaşanlar əvvəlcə, yazıçının abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, İsmayıl Şıxlının millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından əsərlərinin dəyəri çox böyükdür.   Yazıçının milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub. O, həyati mövzularda əsərlər yazaraq zamanın nəbzini tutub və günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində azərbaycançılıq ideyası öz əksini tapmış və hər dövr üçün öz aktuallığını qoruyub saxlamışdır. Məlumdur ki, xalqın milli-mənəvi dəyərləri öz əksini bədii ədəbiyyatda tapır. Milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin qorunub saxlanılmasında bədii ədəbiyyatın böyük rolu var. Bu baxımdan İsmayıl Şıxlının əsərlərində milli ideyanın təlqin və təbliği mühüm yer tutur. Yazıçı hələ sosializm cəmiyyətinin, avtoritar rejimin güclü vaxtlarında sovet ideologiyasının prinsiplərinə zidd olan əsərlər yazıb. O, öz əsərlərində bu quruluşun formalaşdırdığı insanların faciəsini çox böyük məharətlə əks etdirib. Buna görə də İsmayıl Şıxlı dissident sənətkardır. 
Şairlərdən AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, Ələddin İncəli, Mustafa Rasimoğlu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Gülsənəm Cəlili, Kazım Kazımlı, Məzahir Yaqub, əməkdar müəllim Cavanşir Rüstəmov, yazıçının tələbəsi, Çaylı kənd 2 saylı tam orta məktəbin müəllimi Məmməd Qocayev çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açmış, yazıçının  Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışmış və xatirəsinə həsr etdikləri şerlər söyləmişlər. 
Sonda yazıçının ailə üzvləri adından çıxış edən Teybə Hüseynova İsmayıl Şıxlı yaradıcılığına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlığını bildirimişdir.

Keçidlər