Şriftin ölçüsü :

Saytın rəngi :

Dədə Ədalətin sənət dünyasına həsr olunmuş konsert keçirilmişdir

26 iyul 2017 | 16:00

Bu gün Qazax rayon İcra Hakimiyyətinin  və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş "Ecazkar barmaqların sehrində" adlı Qazax, Ağstafa və Tovuz aşıqlarının birgə konserti keçirilib.
  Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunan tədbirdə Qazax rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şairlər, saz, söz adamları, aşığın yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin Azərbaycan aşıq sənətinə, aşıqlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, aşıq musiqisinin әn geniş yayılmış növlәrindәn biri sazın müşayiәtilә solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesindә tәdricәn müstәqil bәdii әһәmiyyәt kәsb etmişdir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. Bu, aşıq sənətinə və Azərbaycan aşıqlarına verilən qiymətin ən bariz nümunəsidir.
R.Quliyev çıxışı zamanı bildirib ki, Ədalət Nəsibov, onun yaradıcılığı, Azərbaycan mədəniyyətinə, poeziyasına, saz, söz sənətinə bəxş etdiyi yüzlərlə saz havası, aşıq musiqisi bu gün gənc aşıqlar üçün bir örnəkdir. Ədalət Nəsibov bu gün aşıq sənətində xüsusi yeri olan, böyük zirvələr fəth edən, ən əsası isə solo saz sənətini yaradan bir sənətkardır. Dövlətimiz tərəfindən ona hər zaman diqqət və qayğı göstərilmiş, onun yaradıcılığı daim yüksək qiymətləndirilmişdir.
Folklorşünas, “Fəxri mədəniyyət işçisi” Məhəmmədəli Məşədiyev və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri. əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Ədalət Nəsibovun həyat və yaradıcılığndan söz açıblar. Qeyd ediblər ki, Ədalət Nəsibov sağlığında klassikləşməyi, sənətdə inqilab etməyi bacaran, solo saz ifaçılığında öz sözünü demiş bir aşıqdır. Sazın dünəni, bu günü və sabahı dədə Ədalətin adı ilə bağlıdır. O, Azərbaycan sazının sabahını bizlərə miras qoyan bir aşıqdır. O, Azərbaycan muğamını, bayatısını sazda yaşadan, aşıq sənətinin bütün dünyaya tanıdılmasında böyük zəhməti olan ustad bir aşıqdır.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək qonaqları salamlayıb, bugünkü tədbirin əhəmiyyətindən danışaraq sazın, sözün bayramı olduğunu bildirib. Qeyd edib ki, Qazaxın, bütövlükdə Azərbaycanın bütün dünyaya tanıdılmasında, şöhrət qazanmasında Ədalət Nəsibovun özünəməxsus bir payı vardır. O, bir qazaxlı kimi sazı bizlərə sevdirən ustad aşıq olmaqla yanaşı, aşıqlıq sənətini daim yüksəklərdə tutan dahi bir şəxsiyyətdir. Onun həyatı, yaradıcılığı, bizlərə bəxş etdiyi gözəl aşıq havaları aşıqlıq sənətinə yenicə qədəm qoyan gənc istedadlarımız üçün bir mayakdır. Bu gün Ədalət Nəsibovu bütün nəsillər tanıyır və gələcəkdə də tanıyacaqdır.
  Sonra söz saz ifaçılarına verilib. Ədalət Nəsibovun şərəfinə yazılmış şeirlər oxunub, onun sazda ifa etdiyi bir-birindən şən mahnılar səslənib.
Qazax Aşıqlar Birliyinin sədri, aşıq Camoy Qurbanov, Saqif Məzəmli, Hüseyn Əzizoğlu, aşıq Şəmistan Ocağının davamçısı Hüseyn Şəmistanoğlu, Avdı Musayev, Şaiq İncəli, Eldar Əsədoğlu, gənc aşıqlardan Əsgər Qazaxlı, Rövşən Tovuzlu, Samir Allahverdiyev, Şahin Süleymanov, İlqar Qələmçəli, Vahid Qurbanlı, Əfsanə Kərimli Ədalət Nəsibova həsr olunmuş şeirləri söyləyib, onun ifa etdiyi saz havalarını dilləndiriblər.
Sonda ustad aşığın adını daşıyan nəvəsi Ədalət Nəsibov çıxış edərək babası ilə, onun sənəti ilə fəxr etdiyini, onunla qürur duyduğunu bildirib. Babasına göstərilən diqqət və qayğıya, ona verilən yüksək dəyərə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova, tədbirdə əməyi keçən bütün insanlara ailəsi adından öz dərin minnətdarlığını çatdırıb.

Keçidlər