Şriftin ölçüsü :

Saytın rəngi :

“İncəgülü” saz-söz şöləninin işığında

11 avqust 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İncəgülü” saz-söz şöləni Qazaxda, Avey dağının ətəyində, Məmməd Koxa bulağında baş tutub.
Sazı, sözü sevənlər bu dəfə Avey dağının ətəyində, Məmməd Koxa bulağında “İncəgülü” saz-söz şöləninin işığına toplaşmışdılar. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova iştirak edərək çıxış etmişdir. Aparatın məsul işçiləri Sərdar Orucov və Kəmalə Cəfərova  da tədbirə qatılmışdılar. 
“İncəgülü” ədəbi-bədii layihənin rəhbəri, Azərbaycan Aşıqlar Birliyinin üzvü, saz-söz aşiqi Çiçək Mahmudqızı baş tutan şöləni açıq elan edərək qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində əvəsiz xidməti olan, layihələr içərisində milli ədəbiyyatımızın və ulu ozan-aşıq sənətimizin təbliğinə və inkişafına xidmət edən “İncəgülü” saz-söz şöləni öz dəst-xətti ilə xüsusilə seçilir.
Ç.Mahmudqızı bildirib ki, sazı, sözü təbliğ edən layihəmiz Qazağın İncə dərəsindən baş alıb respublikamızın müxtəlif guşələrinə, bölgələrinə qədər çatıb, yol açıb. Yerli əhalinin, ədəbi ictimayyətin, televiziya tamaşaçılarının çox böyük rəğbətlə qarşıladığı bu layihənin beşinci sayının sazın-sözün beşiyi olan Qazax mahalında, Avey dağının ətəyində, Məmməd Koxa bulağında düzənləməyimiz heç də təsadüfi deyil. Çünki Qazax aşıq sənətində öz adını tarixə qızıl hərflərlə yazdıran dədə Ədalətin məskənidir və bu torpaq hər zaman qədim aşıq sənəti ilə seçilib. Bu gün bu şöləni burada düzənləməyimizin məqsədi gözəlləşən Qazağımızın tarixi abidələrini və məskənlərini, milli-mənəvi dəyərlərini, quruculuq işlərini çəkib geniş kütlə qarşısında bir daha nümayiş etdirməkdir. “Bura Qazaxdır...” adı altında aşıqlarımızın ifası ilə törənimizə giriş verəcəyik. Əvvəlki illərdə olduğu kimi şölənimizə məmləkətin hər yerindən aşıqlar, müğənnilər və şairlər qonaq gəliblər.
Söz musiqiyə verilib. İlk olaraq səhnəyə ağsaqqal aşıqlardan Hüseyn Dərgahquliyev çıxıb. Sonra aşıqların ifası bir-birini əvəz edib. Avdı Musayev, Ramin Qarayev, Şaiq İncəli, Haqverdi Kərəmoğlu, Əfsanə Kərimli, Samir Cəlaloğlu, Rasim Qarayev, Təranə Gədəbəyli çıxış edərək qədim və yeni aşıq havalarını ifa edib, mahnılar oxuyublar.
Tədbirə qatılmış müğənnilərin çıxışları da alqışlarla qarşılanıb. Tanınmış və gənc ifaçılardan Eldar Ələkbərov, Gülnar İsayeva, Natiq Cəfərov və başqaları bir-birindən gözəl  nəğmələr ifa ediblər.
Şairlərin çıxışları isə şölənə daha bir gözəllik qatıb. Söz ustalarından İbrahim İlyaslı, Xəqani Qayıblı, Ehtiram İlham, Məzahir Yaqub, Mübariz Qaragözlü, Elməddin Nicat yazdıqları şeirləri oxuyub, sözə yeni bir qanad veriblər.
“İncəgülü” saz-söz şöləni layihəsinin rəhbəri və aparıcısı Çiçək Mahmudqızı şölənə dəstək olduğuna və onun keçirilməsinə yüksək şərait yaratdığına görə Qazax rayon İcra Hakimiyyətinə bütün saz-söz sevərlər adından öz dərin minnətdarlığını bildirib.

Keçidlər