Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək bal toplayan tələbələrlə görüş keçirilmişdir

30 avqust 2017 | 16:00

Qazaxda Rayon İcra Hakimiyyəti başçısının 500-dən və 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə daxil olmuş tələbələrlə görüşü keçirilmişdir. Ədəbiyyat Muzeyində baş tutan görüşdə Qazax RİHB aparatının məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, işçi qrupunun üzvləri, "Əməkdar müəllim"lər və qabaqcıl təhsil işçiləri, yüksək bal toplayan tələbələlər, onların ibtidai sinif müəllimləri və KİV nümayəndələri  iştirak etmişlər.  Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov açaraq yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik etmiş, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulamışdır. Bildirmişdir ki, təhsil millətin gələcəyidir ifadəsini şuar səviyyəsinə yüksəldən Ulu Öndər Respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azəbaycan Respublikasına rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur.
Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında  təhsilin inkişafına böyük önəm verməkdədir.
  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması və proqram çərçivəsində gənclərin  inkişaf etmiş ölkələrin nüfuzlu universitetlərində təhsil almaları üçün vəsaitin ayrılması məhz Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır.
Respublikanın hər yerində olduğu kimi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonumuzda da təhsil müəsisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövr ərzində diqqət mərkəzində olmuş, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni daha müasir binalarda  fəaliyyət göstərməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin Qazax filialına 2017-2018-ci tədris ilində 390 tələbə qəbul olmuşdur ki, onlardan 146-sı ixtisas seçimində birinci, 70-i ikinci və ya üçüncü yerdə BDU-nun Qazax filialını göstərmişdir. BDU-nun Qazax filialına qəbul olmuş tələbələrdən 76-sı Qazax rayonundan, 46-sı Bakı şəhərindən,28-i Ağstafa, 26-sı Tovuz, 19-u Gəncə şəhər və digər  rayonlardan olmuşdur. 
Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda  məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2016-2017-cı tədris ilində 777 nəfər məzun olmuşdur ki, onlardan 432 nəfər ali məktəblərə sənəd vermiş və sevindirici haldır ki 264 məzun ali məktəblərə qəbul olmuşlar. Bunlardan 500-dən çox bal toplayan məzunların sayı 57 olmuşdur ki, ondan da 14-ü 600-dən çox bal toplayanlardır.
Bu günki tədbirimizə rayonumuz üzrə 57 nəfər 500-700 bal intervalında nəticə göstərən məzunlarımız toplaşmışlar. Onları bir yerə toplamaq, onlarla söhbət aparmaq, bundan sonra da hara da təhsil almalarından asılı olmayaraq yüksək təhsil almalarını tövsiyə etmək, onlara uğurlar diləmək  biz ziyalıların borcudur.
Cənab Rəcəb Babaşov tələbələrə üzünü tutaraq demişdir ki, əziz balalar, biz bu gün sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə də rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız.
Bu gün dövlətimizin siyasətinin əsas strateji xəttini təhsilin inkişafı təşkil edir. Mənə elə gəlir ki, bu işdə hər birimizin fəallığı hiss olunmalıdır. Dünyada baş verən qlobal böhranlar, iqtisadi problemlər Azərbaycana bir o qədər də təsir göstərməmişdir. Bunun səbəbi ölkəmizdə qabiliyyətli kadr potensialının yetişməsi, təhsilin inkişafıdır. Dəfələrlə möhtərəm Prezidentimiz öz çıxışlarında “Biz neft kapitalını insan kapitalına çevirməliyik” söyləmişdir. Bu kapital sizsiniz, xalqımız öz gələcəyini sizin kimi savadlı, qabiliyyətli, bacarıqlı gənclərə etibar edəcək.
Sonra çıxışlar olmuşdur. BDU-nun Qazax filialının direktoru Vüsət Əfəndiyev, AYB Qazax zona filialının sədri, əməkdar İncəsənət xadimi, şair Barat Vüsal, şair Zaməddin Ziyadoğlu, şairə Tamella Poladlı, Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev, Məktəb liseyin direktoru Tahirə Comərdova, yüksək bal toplayan  tələbələrdən Kamil Budaqov  və Gülər Hacıyeva çıxış etmişlər. 
Sonda rayon üzrə 500-dən və 600-dən yuxarı bal toplayan tələbələrə, onların ibtidai sinif müəllimlərinə, oxuduqları məktəblərin direktorlarına və işçi qrupunun üzvlərinə (100 nəfərdən çox) gül dəstələri və qiymətli hədiyyələr verilmişdir.
Axırda RİHB-nın cənab Rəcəb Babaşov tədbir-görüşə yekun  vurmuş, bütün tələbələrə, onların müəllimlərinə qarşıdan gələn illərdə də böyük uğurlar arzulamışdır.

Keçidlər