Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı günlərində uzunömürlü insanlar yad edilib

01 sentyabr 2017 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da insanları birliyə, həmrəyliyə çağıran Qurban bayramı böyük təntənə ilə qeyd olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlar kəsilib, rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, Qarabağ Müharibəsi Əlillərinə və Veteranlarına, bütün aztəminatlı ailələrə evlərində qurban payları verilib.
Qazaxda yaşayan uzunömürlü insanların sayı da kifayət qədərdir. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən ömrünün ahıl çağlarını yaşayan həmin uzunömürlü insanlar da yad edilib.
Bayram münasibətilə rayon rəhbərliyinin tapşırığına əsasən rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənovanın rəhbərliyi ilə aparatın məsul işçiləri, KİV nümayəndələri rayonun Kəmərli, Yuxarı Salahlı, Aşağı Salahı, Daş Salahlı, Ürkməzli, Kommuna, Çaylı, Hüseynbəyli və Cəfərli kəndlərində həmin yaşlı insanların evlərində  olub bayramlarını təbrik ediblər.
Gulaya Həsənova nurani insanlara rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun səmimi salamlarını və bayram təbriklərini çatdırıb. İcra Başçısının rayonda ömrünün ahıl çağlarını yaşayan insanlara olan səmimi münasibətindən, göstərdiyi qayğıdan danışıb, onların daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Qonaqları səmimi qarşılayan 110 yaşlı Səyalı Nəbiyeva, 107 yaşlı sakinlərdən Sədiqə Süleymanova, Səkinə Nuruyeva, 105 yaşlı sakinlərdən Səkinə Mirzəyeva, Lütviyə Vələdova, 101 yaşlı sakinlərdən Lilpar Həsənova, Qaratel Bənnayeva, Gilas Tanrıverdiyeva, 100 yaşlı Məhi Vəliyev və ailə üzvləri onları salamlayıb, rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir və yaşadır. Bu gün bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb bayramımızı təbrik etdiyinizə görə ailəmiz adından cənab Rəcəb müəllimə öz dərin minnətdarlığımızı bildiririk. Qoy Allah ona və sizə gələcək işlərinizdə yardımçı olsun.
Səmimi və bayram əhval-ruhiyyəli görüşün sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.

 

 

Keçidlər