Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax respublikamızın ən abad və inkişaf etmiş rayonlarından birinə çevrilir

05 sentyabr 2017 | 16:00

Qazax rayonunda aparılan tikinti-quruculuq və abadlıq işləri daha da genişlənir. Bunun nəticəsində istər rayon mərkəzi və istərsə də kəndlərimiz daha da gözəlləşir. Bu yeniliyin və quruculuğun memarı isə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. Onun göstərişləri əsasında son  bir ildə Qazax dəyişmiş və inkişaf etmişdir. Bundan isə bütün rayon sakinləri, eləcə də kənarda yaşayan həmyerlilərimiz qürur duyurlar.
Respublika Prezidenti İlham Əliyev cənablarının 20 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq Qazax şəhərindəki 24 çoxmənzilli binalarda təmir işləri həyata keçirilib. Əlavə olaraq daha 15 binada təmir-bərpa işləri aparılıb. Ümumiyyətlə şəhərdə 39 çoxmənzilli bina yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Bundan əlavə 34 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri nəzərdə tutulmasına baxmayaraq hazırda 42 binada  təmir işlərinə başlanılmışdır. Bundan 40 binada işlər yekunlaşmış, 2 binada son tamamlama işləri aparılır.
Bu gün Qazaxda 1 saylı körpələr evi-uşaq başçası binasının tikintisi başa çatdırılıb, yaxın günlərdə istifadəyə veriləcəkdir. Rayon Mərkəzi Xəstəxanasının 145 çarpayılıq binasında tikinti işləri sürətlə davam edir. Qazax şəhərində tikilən Xalçaçılıq fabrikində hazırda son tamamlama işləri aparılır.
Şəhərin küçə və səkiləri abadlaşdırılır, lazım gələn yerlərə asfalt qoyulur. Şəhərin giriş hissəsindəki hasar yenidən qurularaq müasir görkəmə salınıb. Eyni zamanda, Azadlıq küçəsində də təmir-bərpa işləri görülür. Şəhidlərin xatirəsinə abidə kompleksində yenidənqurma və abadlıq işləri davam etdirilir.
Şəhəri elektrik enerjisi ilə təmin edən 10 kv-luq Qazax-2 hava xəttində də təmir işləri aparılır. Zədəli naqillər, izolyatorlar dəyişdirilir, eyni zamanda köhnə dirəklərin yerinə yeni beton dirəklər basdırılır.
   “Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisi işləri davam etdirilir.
Bu günlərdə isə rayon rəhbərliyinin göstərişinə əsasən Daş Salahlı kəndinin  adablaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq  və abadlıq işlərinə başlanılıb. Kənddə bütün sahələrdə abadlıq və quruculuq işləri aparılır.  Yuxarı Salahlı kəndində Səməd Vurğun Poeziya evində əsaslı təmir işlərinə başlanılıb.
İkinci Şıxlı kəndi ərazisində “Sınıq Körpü” Gömrük keçid məntəqəsində yenidənqurma və abadlıq işləri yekunlaşmaq üzrədir. Qazax-Çaylı və Qazax-Hüseynbəyli avtomobil yollarının çəkilişi başa çatıb. Daş Salahlı, Kosalar və Xanlıqlar kəndlərindəki körpələr evi-uşaq bağçaları əsaslı şəkildə təmir olunaraq yenidən qurulub. Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb və tibb məntəqəsi tikilib.  Ağköynək kəndində 500 metr uzunluğunda, Qarapapaq kəndində isə 300 metr uzunluğunda yeni içməli su xətti çəkilərək əhalinin istifadəsinə verilib. 
  Ümumiyyətlə rayonda aparılan tikinti-abadlıq və quruculuq işlərinin əhatəsi çox genişdir.  Bütün bunlar isə onu göstərir ki, Qazax respublikamızın ən abad və inkişaf etmiş rayonlarından birinə çevrilir.

Keçidlər