Şriftin ölçüsü :

Saytın rəngi :

GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub

07 sentyabr 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun təşəbbüsü ilə GÖYƏZƏN.AZ saytının 1 illiyi qeyd olunub. İcra Hakimiyyətində keçirilən tədbirdə aparatın məsul işçiləri, rayonda fəaliyyət göstərən jurnalistlər və şairlər iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq GÖYƏZƏN.AZ saytının kollektivini fəaliyyətlərinin 1 illiyinin tamam olması münasibətilə səmimi qəlbdən təbrik edib, gələcək işlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, 1 il öncə bu saytı yaratmaqda məqsədimiz oxuculara rayonumuzda keçirilən tədbirlər, aparılan tikinti-quruculuq və abadlıq işləri barədə tam və dolğun şəkildə məlumat çatdırmaq idi. Sevindirici haldır ki, bu gün fəalyyətə başlamasının 1 illiyini qeyd etdiyimiz GÖYƏZƏN.AZ saytı nəinki qazaxlıların, eləcə də rayondan kənarda yaşayan yüzlərlə, minlərlə həmyerlilərimizin ən düzgün və ən operativ məlumat mənbəyinə çevrildi. Oxucular bu sayt vasitəsilə asanlıqla rayonumuzda baş verən yeniliklər barədə məlumat alır, bu sayt sayəsində rayonumuz haqqında lazımi məlumatları əldə edirlər. Bu baxımdan GÖYƏZƏN.AZ saytının əməyi danılmazdır və gördüyü işlər yüksək qiymətləndirilməlidir.
GÖYƏZƏN.AZ saytının baş redaktoru Elçin İsmayıl çıxış edərək saytın yaranmasından, 1 il ərzində əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun təşəbbüsü və xeyir-duası ilə yaradılmış GÖYƏZƏN.AZ saytı rayonda aparılan bütün tikinti-quruculuq və abadlıq işlərini, kənd təsərrüfatının bütün sahələrini, keçirilən tədbirləri, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri saytda işıqlandırır. Bu səbəbdən də rayon sakinləri, rayonumuzdan kənarda yaşayan həmyerlilərimiz həmin tədbirlər barədə dürüst və dəqiq məlumat ala bilirlər. Rayonumuzda keçirilən bütün tədbirlər, aparılan bütün tikinti-quruculuq işləri operativ olaraq portalda yerləşdirilir. Bütün bunlara görədir ki, portal bu gün ilkin məlumat məbnbəyi funksiyasını həyata keçirir və oxucularına görülən işlər barəsində ətraflı məlumatlar verir. Bütün bunların nəticəsidir ki, respublikamızda fəaliyyət göstərən müstəqil Kütləvi İnformasiya Vasitələri, hətta televiziyalar ilkin məlumat olaraq GOYEZEN.AZ saytının materiallarından istifadə edirlər ki, bu da olduqca təqdirəlayiq haldır. Bütün bunlar portalın nə qədər mühüm əhəmiyyət daşıdığını aydın şəkildə göstərir. GÖYƏZƏN.AZ saytı Qazaxın virtual aləmdə təmsilçisidir.
Saytın yaranmasının 1 ili münasibətilə tədbir keçirdiyinə görə kollektiv adından öz dərin minnətdarlığını bildirən Elçin İsmayıl portalın bundan sonra da öz işini daha da təkmilləşdirərək izləyicilərinin sayını artıracağını və rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərini daha geniş və obyektiv işıqlandırılacağını qeyd edib.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şairlərdən Cavanşir Rüstəm, Tamella Poladlı, Kazım Kazımlı, Bilal Qoca,  Səhlədar Hidayətoğlu, jurnalistlərdən Sərhəd Məmmədov, Nemət Novruzov, Vəkil Rüstəm, Hacı Müvəssəqi, Vəzir Pənahov, Sadəddin Həsənov və başqakları çıxış edərək GÖYƏZƏN.AZ saytının kollektivini 1 yaşlarının tamam olması münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzu ediblər.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov sonda saytın kollektivini bir daha səmimi qəlbdən təbrik edərək öz tapşırıq və tövsiyələrini verib.

Keçidlər