Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın Xanlıqlar kəndinə içməli su çəkilib

10 sentyabr 2017 | 16:00

Bu gün Qazax rayonunun Xanlıqlar kəndinə içməli su çəkilib. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu münasibətlə Xanlıqlar kəndində olub.
Açılış mərasimində məcburi köçkünlər, eləcə də kənd sakinləri öz sevinc hisslərini icra başçısı ilə bölüşüblər. Yuxarı Əskipara kəndindən olan məcburi köçkün, ağsaqqal Firudin Musayev söz alaraq qeyd edib ki, “insan üçün ən savab iş su çəkmək, yol salmaq, körpü tikmək və bir də imkansıza əl tutmaqdır. Rəcəb müəllim siz fəaliyyətə başladığınız ilk gündən bu xeyirxah əməlləri özünüzün gündəlik işinizə çeviribsiniz. Bu gün istər Qazax şəhərinin özündə, istər sərhəd kəndlərində, istərsə də rayonun digər yaşayış məntəqələrində neçə-neçə belə xeyirxah izlər qoyubsunuz. Ona görə də bizim kimi bütün rayon sakinləri sizə öz dərin minnətdarlıqlarını bildirirlər”.
  Çıxış edən məcburi köçkünlərdən Məsmalı Süleymanov, Rahilə Həsənova, Xanlıqlar kənd sakini Xatın Hüseynxanova və başqaları bildiriblər ki, “son 1 il yarım ərzində bizim kəndimiz kimi rayonun neçə-neçə kəndlərinə, yaşayış sahələrinə su çəkilib, illərdən bəri yığılıb qalmış problemlər öz müsbət həllini tapıb. Qazaxbəyli, Ürkməzli, Aslanbəyli, Ağköynək, Qarapapaq, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli kəndlərinin sakinləri də bizim kimi seviniblər. Xanlıqlar kəndinin məcburi köçkünlər yaşayan hissəsinə içməli su çəkilməsi bizim yaddaşımızda hələ uzun illər yaşayacaqdır. Çünki ilk dəfədir ki, kəndin bu hissəsinə içməli su çəkilir”.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sakinlərin minnətdarlıq dolu sözlərini dinlədikdən sonra öz sevincini onlara bölüşüb. Bildirib ki, mənim ilk gündən məqsədim rayonda illərdən bəri yığılıb qalmış problemləri aradan qaldırmaqdır. Fəaliyyətə başladığım il yarım müddət ərzində artıq onlardan çoxu öz müsbət həllini tapmışdır. İndi istər kəndlərimizdə, istərsə də şəhərin özündə elə bir sahə yoxdur ki, orada bir yenilik, bir tərəqqi olmasın. Mən əlimdən gələni edirəm ki, insanlar rahat yaşasınlar. Bu amalla da fəaliyyətimi davam etdirirəm.
Məlumat üçün bildirək ki, yeni bulaq 1,8 kilometrə yaxın bir məsafədən kəndə çəkilib. Oradan isə 3,6 kilometr uzunluğunda kəndin daxilini əhatə edib. Kəndin ayrı-ayrı yerlərində 3 ədəd 5 tonluq su çəni qoyulub. Kəndin ayrı-ayrı küçələrində 13 kran quraşdırılıb ki, onlardan da kənd sakinləri istifadə edəcəklər. Beləliklə, 146 ailə bu sudan istifadə edəcəkdir ki, bunun da 53-ü məcburi köçkün ailəsidir. Onu da qeyd edək ki, yaxın gələcəkdə çəkilən bu xətdən daha 50 ailəyə su veriləcəkdir.
Bununla yanaşı, yaxın günlərdə rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərinə də içməli su çəkiləcəkdir.
İçməli su ilə əlaqədar keçirilən açılış mərasimindən sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndində əsaslı şəkildə təmir olunan körpələr evi-uşaq bağçasına gəlib. Orada aparılan işlərlə yaxından tanış olub, öz tapşırıq və tövsiyələrini verib.
Sonra icra başçısı şəhərdəki M.Hüseyn adına məktəb liseyə baş çəkib. Görülən təmir-bərpa işləri ilə yaxından tanış olaraq razılığını bildirib, daha bir neçə işlərin görülməsinin vacibliyini qeyd edib.

Keçidlər