Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı məktəblilər yeni dərs ili ərəfəsində şəhidləri yad ediblər

14 sentyabr 2017 | 16:00

Mənfur düşmənlə 168 kilometr sərhəddə yerləşən Qazax rayonu Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri 283 şəhid verib. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
  Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən istər şəhərdə, istərsə də kəndlərimizdə olan şəhid qəbirlərini və Şəhid Xiyabanlarını əsaslı şəkildə təmir etdirib, şəhid ailələrinə daim diqqət, qayğı göstərib və bu proses bu gün də davam edir. Bir neçə ay bundan öncə İcra Başçısının tapşırığına əsasən şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Milli Qəhrəmanların və şəhidlərin adları qeyd olunmuş lövhələr vurulub, yaşıllıq salınıb və yeni işıqlandırma sistemi quraşdırılıb.
Bu gün yeni dərs ili ərəfəsində rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun təşəbbüsü ilə Qazaxda yeni bir ənənənin bünövrəsi qoyulub. Qərara alınıb ki, hər yeni dərs ili ərəfəsində məktəblilər Şəhidlər Xiyabanını ziyarət etsinlər. Məqsəd gənc nəsildə milli vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək, məktəblilərin mübariz ruhda tərbiyə olunmasını təmin etməkdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov və tədbir iştirakçıları  şəhidləri yad edərək onların lövhələri önünə gül dəstələri qoyublar.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, şəhidləri yad etmək, onların xatirəsini anmaq hər bir insanın vətəndaşlıq borcudur. Öz canlarından keçmiş bu igid insanlar Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olublar. Şəhidlərin keçdiyi ömür yolu hər birimiz üçün nümunə olmalıdır. Ona görə də hər bir gənc mərd və mübariz böyüməli, Vətənin müdafiəsinə hər an hazır olmalı, əgər lazım gələrsə öz canından keçməyi belə bacarmalıdır. Mən inanıram ki, bugünkü tədbir hər bir uşaq və yeniyetmələrin yaddaşında əbədi iz qoyacaq, onların qəlbində Vətənə məhəbbət və şəhidlərə ehtiram hissini daha da artıracaqdır.
Tədbirin aparıcısı, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev çıxış edərək vətənpərvərlik ruhunda olan əhəmiyyətli tədbirin keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova bütün təhsil işçiləri və məktəblilər adından öz dərin minnətdarlığını bildirib.
Şəhid atası Sarı Hüseynov, şairlərdən Zaməddin Ziyadoğlu, Tamilla Poladlı çıxış edərək rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, şəhidlərə yazdıqları şeirləri oxuyublar.
Sonra şəhər Namiq Vəliyev adına 5 saylı tam orta məktəbin X sinif şagirdi Səma Əfəndiyeva, Mehdi Hüseyn adına məktəb-liseyin VII sinif şagirdi Rəhimə Əhmədova, Firuddün Şamoyev adına 4 saylı tam orta məktəbin IX sinif şagirdi Nuray Məmmədova, Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VI sinif şagirdi Sədaqət Camalova, VII sinif şagirdi Əsgər Hacıyev, IX sinif şagirdi Fidan Musayeva, Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin XI sinif şagirdlərindən Günel Bayramova, Arzu İbrahimova, IV sinif şagirdi Aysu Namazova, VII sinif şagirdi Fidan Hüseynli şəhidlərə, Vətənə həsr olunmuş şeirləri səsləndiriblər.
Yeni dərs ili ərəfəsində məktəblilərin şəhidləri yad etməsi məktəblilər, onların valideynləri, şəhid ailələri, müəllimlər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Qazaxda bu gün yeni bir ənənənin əsası qoyulub.
Məlumat üçün bildiririk ki, Qazaxda 31 məktəb şəhid adını daşıyır.

Keçidlər