Şriftin ölçüsü :

Saytın rəngi :

Çaylı kəndindəki Şəhidlər Xiyabanı əsaslı təmir olunaraq yenidən qurulur

18 sentyabr 2017 | 16:00

Vətənpərvərlik hisslərinin ən uca zirvəsi şəhidlikdir. Düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında 283 şəhid verib.
Öz həyatlarını qurban verən şəhidlərimizə olan hörmət hissi ilk olaraq şəhidlər qəbiristanlığından, onların uyuduğu müqəddəs məkandan başlayır. Bəli, ilk üz tutacağımız yer, ziyarət edəcəyimiz ünvan onların qəbirləri olur.
Ötən ilin əvvəllərinə kimi şəhidlər qəbiristanlıqlarında yaranan vəziyyət heç də ürəkaçan deyildi. Məzarlıqlarda baxımsızlıqdan qəbirlərin baş daşları uçmuş, qəbirlərin aralarını alaq otları basmışdı. Yaranmış vəziyyət  şəhidlərimizin doğmalarını, ailə üzvlərini narahat edir, haqlı narazılığına səbəb olurdu.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə xüsusi diqqət ayırdı, onların problemləri ilə yaxından maraqlandı. İlk növbədə şəhidlərin uyuduğu qəbiristanlıqları ziyarət etdi, oranı abadlaşdırmaq üçün xüsusi tapşırıqlar verdi. Özü də bu iş şəhid ailələri rayon rəhbərliyinə müraciət etmədən həyata keçirildi.
Ötən son 1 il yarım ərzində şəhərdəki, eləcə də Daş Salahlı, Yuxarı Salahlı, Xanlıqlar, İkinci Şıxlı və digər kəndlərdəki şəhid qəbiristanlıqları əsaslı şəkildə təmir edilərək yenidən quruldu, yeni yaşıllıq salındı, gül-çiçəklər əkildi.  Eyni zamanda, şəhidlərin xatirəsinə tikilmiş bulaqlarda da təmir-bərpa işləri aparıldı, şəhərin mərkəzində Aprel şəhidlərinin xatirəsinə 3 bulaq tikildi. Böyük əminliklə deyə bilərik ki, bu, cənab Rəcəb Babaşov tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.
Vətən uğrunda canlarından keçib şəhid olmaq Çaylı və Kommuna kəndlərində yaşayan 26 gəncin taleyinə də yazılmışdır. Bu vətənpərvər oğullar ayrı-ayrı illərdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olublar. Qeyd etdiyimiz vaxta qədər burada da vəziyyət ürəkaçan deyildi. Rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşovun göstərişinə əsasən kənddəki şəhidlər xiyabanında təmir-bərpa işlərinə başlanıldı. Hazırda iş gedir. Qəbir və sinə daşlarında təmir işləri aparılır, xiyabanın ərazisində olan çatışmazlıqlar  aradan qaldırılır, bu müqəddəs məkan abadlaşdırılır.  Təmir-bərpa işləri başa çatdıqdan sonra burada yaşıllıqlar salınacaq, ağac və gül kolları əkiləcəkdir.

 

Keçidlər