Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yenidənqurma və təmir-bərpa işləri keyfiyyətlə aparılır

20 sentyabr 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün Daş Salahlı, Yuxarı Salahlı, Kosalar və Xanlıqlar kəndlərinə gələrək aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olub.
Daş Salahlıda görülən işlərlə tanış olan rayon rəhbərliyinə məlumat verilib ki, kəndin mərkəzi küçəsi təmir işlərindən sonra yeni bir görkəm alıb. Bütün evlərin hasarları, darvazaları və su çənləri təmir olunaraq rənglənib. Eyni zamanda, kəndin ərazisində təmizlik işləri də görülüb.
İcra Başçısına bildirilib ki, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində aparılan təmir işləri də başa çatmaq üzrədir. Olduqca yararsız hala düşmüş bu abidə əsaslı şəkildə yenidən qurulub. Abidənin üzəri mərmərlə örtülüb. Ətrafına tamet daşı döşənib. Yeni işıqlanma sistemi quraşdırılıb.
İcra Başçısı görülən işlərlə tanış olduqdan sonra abidənin ətrafındakı parkda da abadlıq işlərinin görülməsini və buranı yüksək səviyyəyə gətirib kompleks halda camaatın istifadəsinə verilməsini tapşırıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Daş Salahlıdan sonra Yuxarı Salahlı kəndinə gələrək Səməd Vurğun Poeziya evində aparılan təmir-bərpa işləri ilə də tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, binada lazım gələn suvaq və digər təmir işləri həyata keçirilib, bina başdan-başa rənglənib. Poeziya evindəki eksponatlara və portret şəkillərə əl gəzdirilərək səliqə ilə divarlara vurulub.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Poeziya Evində həyata keçirilən təmir işlərini yüksək qiymətləndirərək razı qaldığını bildirib. Eyni zamanda digər lazım gələn işlərin görülməsi üçün də öz tapşırıq və tövsiyəsini verib.
Sonra rayon rəhbərliyi Kosalar kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binasında həyata keçirilən işlərlə tanış olub.  Demək olar ki, təzədən qurulan binanın dam örtüyü tamamilə yenilənib, daxili və xarici fasad hissələri suvanıb, lazım gələn yerlərdə hörgü işləri görülüb. Bundan başqa, pilləkan düzəldilib, otaqlar və foye başdan-başa suvanıb və döşəmə hissəsinə beton tökülərək laminat vurulması üçün hazırlanıb. Bütün qapılar yeni plastik qapılarla əvəz olunub. Kanalizasiya sistemi quraşdırılıb və 2 ayaqyolu da tikilib. Bununla yanaşı, 2 mətbəx də düzəldilib. Bundan əlavə bağçanın həyətinə çınqıl tökülərək üzəri beton üzlüklə hamarlanacaqdır. Binada təmir işləri demək olar ki, başa çatdırılıb. Yaxın günlərdə istifadəyə veriləcəkdir. Eyni zamanda bağça müasir istilik sistemi ilə də təmin olunacaqdır.
Xanlıqlar kəndində olan rayon rəhbərliyinə bağçada görülən işlər haqda məlumat verilərək bildirilib ki, bağçada işlərə sürətlə başlanılıb. Təqribən 1 ay yarım müddətdir ki, təmir işləri aparılan körpələr evində ilkin olaraq binanın dam örtüyü başdan-başa sökülərək yenisi ilə əvəz olunub. Binanın işıq sistemi təzələnib və yeni işıq xətləri çəkilib. Metal məhəcərlər təmir edilərək yararlı hala salınıb. Binanın fasadında da işlər görülərək ön və yan hissələri suvanıb. Hal-hazırda rənglənmə işləri aparılır. Bununla yanaşı binanın giriş hissəsindəki tavana lambirin vurulub. Bağçada ayaqyolu və mətbəx də düzəldilib. Otaqların döşəməsi tamamilə yenilənib. Həmçinin körpələr evinin həyətinə də çınqıl tökülərək betonla hamarlanacaqdır.
Təmir olunan binalarda görülən işlərlə tanış olan İcra Başçısı digər lazım gələn təmir işlərinin aparılması barədə göstəriş verib. Bildirib ki, bağçada uşaqların yatmaları üçün yeni çarpayılar da veriləcəkdir.
Eyni zamanda rayon rəhbərliyi həmin binada yerləşən RİH başçısının Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və kənd bələdiyyəsi üçün təmir olunan otaqlarla da tanış olub, burada görülən işlərlə maraqlanıb və lazımi tapşırıqlarını verib.

Keçidlər