Şriftin ölçüsü :

Saytın rəngi :

YOLA SALDI

23 sentyabr 2017 | 16:00

Böyük saz ustadı Dədə Ədalətin xatirəsinə

 

Susdu həmişəlik sazın Kərəmi,
Get, yola salmağa çağır Lələni,
Belə ağlamazlar qardaş, öləni
Dodaq ağı dedi, dil yola saldı.

Sən demə, var imiş belə bir gün də,
Qan-yaş tökdü ürək ömrün köçündə.
Tabutu yeridi əllər üstündə,
Vaxtilə sıxdığı əl yola saldı.

Aylara, illərə bölmə dar ömrü,
Dahilər həmişə yaşar, var ömrü,
Zamanla ölçülmür sənətkar ömrü,
Ay boynunu bükdü, il yola saldı.

Tanrıdı dünyaya, insana hakim,
Kim yola salacaq sazsız, yarı kim?
Son dəfə inlədi, yandı sarı sim,
Təzanə qırıldı, tel yola saldı.

Sağ ikən qazandı alqış, Ədalət,
Qara saza vurdu naxış, Ədalət,
Qazağın özüydü Aşıq Ədalət,
Elin oğlu idi, el yola saldı.

Elcin İSMAYIL.
23 sentyabr 2017-ci il.

Keçidlər