Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanın anım günü qeyd olunub

05 oktyabr 2017 | 16:00

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Musayev Aqil Hüseyn oğlunun vəfatından 23 il ötür. Milli Qəhrəmanın ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Şəhidlər qəbiristanlığında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları və doğulduğu Aşağı Əskipara kənd sakinləri, RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri, veteranları və
KİV nümayəndələri iştirak edib.
Aqil Musayevin ruhuna dua oxunduqdan sonra məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov anım tədbirini açaraq şəhidlərimizə, Qarabağ əlillərinə və onların ailələrinə, Qarabağ Müharibəsi veteranlarına ölkə başçısı İlham Əliyev cənabları tərəfindən göstərilən diqqət və qayğıdan, rayonda bu istiqamətdə görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, vətənin ərazi bütövlüyü, dövlətçiliyimiz qorunması uğrunda canından keçən şəhidlərimizin hamısı böyük diqqətə və hörmətə layiqdir.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ehtiyatda olan zabit, şair Mustafa Rasimoğlu öz çıxışlarında rayon rəhbərliyi tərəfindən Şəhidlər Xiyabanlarında aparılan bərpa və abadlıq işlərindən danışıblar. Şəhidlərin ölməzliyindən, onların ən uca zirvəyə yüksəlməsindən söz açaraq şəhidlərimizə həsr etdikləri şeirlərini oxuyublar.
Milli Qəhrəmanın atası Hüseyn Musayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyev cənablarına şəhid ailələri adından dərin minnətdarlığını bildirmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Musayev Aqil Hüseyn oğlu 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1993-cü il mayın 18-də  Milli Ordu sıralarına çağırılan A.Musayevin ilk döyüşü Ağdam bölgəsində olmuşdur. O, Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına  qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən  döyüşdə yaralanmışdır.  Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır.
Böyük arzularla yaşayan Aqilin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax rayonundakı Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur.
Qazax şəhərində xatirəsinə bulaq var və küçələrdən biri onun adını daşıyır.

Keçidlər