Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb

02 noyabr 2017 | 16:00

Qazax rayonunda tikinti-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Tikilən, eyni zamanda əsaslı şəkildə yenidən qurulan binalar gündən-günə öz görkəmini dəyişir, rayonumuz daha yaraşıqlı və abad olur. Görülən işlərin sürəti ilə yanaşı onun keyfiyyətinə, təmirin yüksək səviyyədə aparılmasına da nəzarət olunur.
Rayon rəhbərliyi müntəzəm olaraq istər şəhərdə, istərsə də kəndlərdə görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Bunun nəticəsidir ki, başa çatmaqda olan təmir-bərpa və quruculuq işləri sözün əsl mənasında yüksək keyfiyyətlə aparılır. Ona görə də günü-gündən gözəlləşən binalar göz oxşayır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün Qazax şəhərində, eləcə də Kosalar, Daş Salahlı, Xanlıqlar, Kommuna, Çaylı və İkinci Şıxlı kəndlərində həyata keçirilən tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanıb. Bu zaman Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Vüqar Hüseynov da İcra Başçısı ilə birlikdə olub və bu il rayonda tikintisi aparılan istehsal və sosial yönümlü obyektlərlə, abadlıq işləri və kənd təsərrüfatında aparılan işlərlə yaxından tanış olub.
İcra Başçısı və Vüqar Hüseynov ilk öncə şəhərdə hərbçilərin yaşadıqları beşmərtəbəli binada aparılan əsaslı təmir işlərinə baxıblar. Vaxtilə baxımsızlıq ucbatından yararsız hala düşmüş bina bu gün yüksək səviyyədə əsaslı təmir olunur. Sakinlər rayon rəhbərliyinə minnətdarlıq dolu öz ürək sözlərini söyləyiblər. Sakinlərdən Naibə İsayeva, Famil Yolçuyev, Firuzə Qocayeva, Cümşüd İsayev, Nəzakət İsmayılova və başqaları görülən işlərə görə Respublika Prezidenti İlham Əliyev cənablarına  öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonra  onlar “Göy bina” deyilən yaşayış massivinə gələrək başa çatmış təmir-bərpa işləri ilə tanış olublar. Burada məcburi köçkünlərin məskunlaşdıqları çoxmənzilli binalarda da təmir günün tələbləri səviyyəsində aparılıb, binalar yeni görkəm alıb. Burada da sakinlər onları çox səmimi və böyük hörmət hissi ilə qarşılayıblar. Çıxış edərək ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıq ediblər. İşğal altında olan Bağanıs Ayrım kənd sakinlərindən Xətaya İmanquliyeva, Saleh Xasayev, Şəhadət İmanquliyev, Qızıl Hacılı kənd sakinlərindən Ülkər Adıgözəlova, Qəndaf Hüseynova, Alya Bayramova və başqaları görülən işlərdən razı qaldıqlarını bildiriblər.
Sonra tanışlıq açılışa tam hazır olan “Azərxalça” ASC Qazax filialının yeni binası , şəhər 1 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, rayonun Çaylı və Kommuna kəndlərinə çəkilmiş yeni asfalt yol, Daş Salahlı kəndində tikilən Əhəng zavodu, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksi, 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, “Sınıq Körpü” Gömrük Buraxılış Məntəqəsində aparılan tikinti-quruculuq və abadlıq işləri ilə davam etdirilmişdir. Hər yerdə sakinlər rayonda aparılan bütün tikinti-abadlıq, quruculuq işlərinə və kənd təsərrüfatında aparılan işlərə görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər