Şriftin ölçüsü :

Saytın rəngi :

Poylu arxı yaxın günlərdə təmizlənərək yenidən istifadəyə veriləcəkdir

20 noyabr 2017 | 16:00

Şəhərin mərkəzi hissəsindən keçən “Poylu arxı” adlanan su kanalı təqribən 100 il bundan əvvəl çəkilib. Vaxtilə şəhər sakinlərinin suya olan tələbatını ödəmək və sel sularını ötürmək məqsədilə çəkilmiş bu arx sonradan öz funksiyasını dəyişmiş, çirkab suların və kanalizasiyanın axıdılması məqsədilə istifadə olunmuşdur. Üstəlik arx boyunca olan mühafizə zolaqları arxın kənarında yaşayan insanlar tərəfindən zəbt olunmuş və onu təmizləmək üçün lazım olan texnikanın belə işləməsinə sahə qalmamışdır. Son nəticədə arx get-gedə dolmuş və su evlərə, həyətlərə dolmağa başlamışdır.
Artıq neçə illərdir ki, uzunluğu 6 km olan “Poylu arxı” bir problem olaraq qalır və bu, onun kənarında yaşayan şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Vəziyyəti aradan qaldırmaq üçün arxın müəyyən yerlərində təmizlik işləri aparılmasına  baxmayaraq məsələ öz köklü həllini tapmamışdır.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu problemlə yerində tanış olmuş, mövcud vəziyyəti mütəxəssislərlə araşdırmışdır. Belə qərara alınmışdır ki, Poylu arxına iri diametrli borular vasitəsi ilə çıxış verilsin və artıq sular və sel suları Ağstafa çayına axıdılsın.
İcra Başçısı bu işlərin qısa zaman ərzində həyata keçirilməsi üçün müvafiq qurumların rəhbərlərinə  lazımi tapşırıqlar vermişdir
.

 

Keçidlər