Şriftin ölçüsü :

Saytın rəngi :

“Qazax mahalının alimləri” kitabının təqdimatı

25 noyabr 2017 | 16:00

Bakı Dövlət Universitetinin Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı keçirilib.
Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax Xeyriyyə İctimai Birliyinin üzvləri, Bakıda yaşayan qazaxlı ziyalılar iştirak ediblər.
  Filialın direktoru, professor Vüsət Əfəndiyev təqdimat mərasimini giriş sözü ilə açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Rayon icra hakimiyyətinin başçısı R.Babaşov Qazaxın ziyalılar rayonu olduğunu qeyd edərək belə bir kitaba böyük ehtiyac olduğunu bildirib. O, “Qazax mahalının alimləri” kitabının nəşr olunması münasibətilə müəllifləri və bütün ziyalıları təbrik edib, Qazaxın elm adamları, ziyalıları haqqında bundan sonra da belə dəyərli kitabların yazılacağına əmin olduğunu bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal kitabın mühüm əhəmiyyət daşıdığından söz açıb.
  Kitabın müəllifləri – Salatın Əhmədli və Rövşən Babanlı çıxış edərək bildiriblər ki, “Qazax mahalının alimləri” zamanın tələbindən yaranan bir ensiklopedik məlumat mənbəyidir. Gələcək nəsillər onun əsasında Qazaxda anadan olmuş elm adamları haqqında bilgi əldə edə biləcəklər.
Sonra ziyalılardan professor Məhəbbət Dəmirçiyeva, Rüstəm Kamal, Hüseyn Xəlilov, Natəvan Dəmirçioğlu, Rafael İncəyurd, Zaməddin Ziyadoğlu və başqaları çıxış edərək kitab haqqında öz fikirlərini və xoş arzularını bildiriblər.
  Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov ensiklopedik məlumat almaq üçün kitabın mühüm əhəmiyyəti olduğunu deyib.
  Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz çıxışında Qazaxda elmə, təhsilə böyük diqqət və qayğı göstərildiyindən söz açaraq kitabın məhz bu zəmində ərsəyə gəldiyini qeyd edib. Bildirib ki, Qazax rayon İcra Hakimiyyəti başçısının bütün sahələrlə yanaşı, təhsilə və elmə qayğı ilə yanaşması rayonda bu sahənin də inkişaf etməsinə böyük bir təkan verib.
Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək “Qazax mahalının alimləri” kitabını ərsəyə gətirdiklərinə görə müəlliflərə minnətdarlığını bildirib.
Qeyd edək ki, “Qazax mahalının alimləri” 512 səhifədən ibarət ensiklopedik məlumat kitabıdır. Kitabda Qazaxda anadan olmuş 711 elm adamı haqqında məlumatlar yer almışdır. Ön sözün müəllifi akademik Teymur Bünyadovdur.


Hamlet QASIMOV,
    “Xalq qəzeti”nin bölgə müxbiri
    25 noyabr 2017-ci il

Keçidlər