Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Quruculuq işləri sürətlə davam etdirilir

03 dekabr 2017 | 16:00

“Siz əziz qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz,Siz bütün Azərbaycan xalqının dayağısınız".
                                                                                                                 Heydər ƏLİYEV,

                                                                                                             Ümummilli Lider.

Respublikamızın qərb qapısı, görkəmli şəxsiyyətlər yurdu Qazax mənfur düşmənlə 168 kilometrlik sərhəd zolağına malik olsa da rayonda qeyri-neft sektorunun inkişafı və irimiqyaslı quruculuq, abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi özünün sürətli inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı “Regionların Sosial-İqtisadi İnkişafı” proqramlarından irəli gələn vəzifələr Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilir.
Bu hərtərəfli inkişaf və yenidənqurma ilə daha yaxından tanış olmaq üçün Qazaxın müxtəlif yerlərində olduq. İlk öncə tanışlığımızı Respublikamızın əsas qərb girişi olan “Qırmızı Körpü” keçid məntəqəsindən başladıq. Qazax Azərbaycanın qərb tərəfdən giriş qapısı sayıldığından geniş miqyaslı quruculuq-abadlıq işlərinə Qırmızı Körpü Keçid məntəqəsində xüsusi önəm verilmişdir. Bir neçə ay bundan əvvəl baxımsızlıq səbəbindən bərbad hala düşmüş, səliqəsizliyin hökm sürdüyü bu məkan indi gözəlliyi ilə hər kəsin heyrətinə səbəb olur. Yerli sakinlərin dediklərinə görə bu ərazidəki antisanitariya və başqa xoşagəlməz  vəziyyət barədə Rayon İcra Hakimiyyətinin Başçısına məlumat verilən kimi dərhal geniş miqyaslı quruculuq-abadlıq işlərinə start verildi. Magistral yoldan aralıda insanların alış-veriş etmələri üçün bəzəkli köşklər quraşdırıldı, hasar divarları milli ornomentlər qorunmaqla müasir formada təmir olundu. Ərazidə əkilmiş dekorativ ağaclar və ilin istənilən fəslində öz gözəlliyini saxlayan xüsusi gül kolları əkilmişdir ki, sanki buraya xalı döşənmişdir. Keçid məntəqəsində aparılmış yenidənqurma və abadlıq işləri burada füsunkar bir gözəllik yaratmışdır ki, bu da ölkəyə qədəm qoyan qonaqlarda Azərbaycan haqqında xoş təəssürat oyadır. Ərazidə quraşdırılmış cürbəcür işıqlandırma sistemi gecələr tamam başqa bir gözəllik yaradır.

 
Qazaxın kənd və qəsəbələrində aparılan abadlıq işləri heç də rayon mərkəzindən geri qalmır. Rayonun Yuxarı Salahlı kəndinə səfər edərək dahi Azərbaycan şairi Səməd Vurğunun poeziya evi cari ilin sentyabr ayında Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunduğunun şahidi olduq. Sahəsi 440 kvmetr olan binanın işıq sistemi yenidən qurulmuş, daxildə və xaricdə əsaslı təmir işləri aparılmışdır. Dahi şairin abidəsi restavrasiya olunmuşdur. Dəmir çətirlər və giriş darvazası yenidən təmir olunaraq rənglənmişdir. Buradan da rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Daş salahlı kəndinə yola düşdük. Kənddə son dövrlərdə olduqca əhəmiyyətli işlər görülmüşdür. Kəndin 1.2 kilometr uzunluğunda mərkəzi yoluna asfalt döşənmişdir. Həmin küçədə evlərin fasad hissələri və darvazalar yenidən təmir olunaraq rənglənmişdir. Məlum olduğu kimi Qazaxda şəhidlərin və böyük vətən müharibəsi iştirakçılarının xatirəsi əziz tutulur. Daş Salahlıdakı 1941-1945-ci il Böyük Vətən Müharibəsi abidə kompleksi əsaslı təmir olunmuşdur. Abidənin fasad və arxa hissəsinin təmirində mərmər daşlardan istifadə olunmuşdur ki, bu da abidə kompleksinə xüsusi gözəllik verir. Eyni zamanda abidənin ətrafına bəzəkli daşlar döşənmiş, həmişəyaşıl ağaclar və  gül kolları əkilmişdir. "Mətanət A" şirkətinin sərbəst mənfəəti hesabına Daş Salahlı kəndində 2 və 3 saylı körpələr evi uşaq bağçaları müasir standartlara tam cavab verən formada əsaslı təmir olunmuşdur. Bağçalar bütün zəruri avadanlıqlarla tam təmin olunmuşdur. Hər iki binada mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmışdır. Kəndin içməli su ilə təminatında da mühüm işlər görülmüşdür. Belə ki, Coğaz su hövzəsindən kəndə çəkilmiş borunun 3,5 kilometr hissəsi yararsız hala düşdüyündən yeni su boruları çəkilmişdir. Bu da Daş Salahlı kəndinin içməli su problemini tamamilə aradan qaldırmışdır. Kənd ağsaqqalı Aslanov Tapdıq Qulu oğlu bizə yaxınlaşaraq bildirdi ki, Daş Salahlılılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də onun tövsiyyə və tapşırıqlarını Qazaxda uğurla icra edərək kənd əhalisinə göstərdiyi qayğıya görə Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova özünün və həmkəndlilərinin adından dərin təşəkkür və minnətdarlığını bildirdi. Daş Salahlı kəndində 25 şəhidimizin uyuduğu Şəhidlər Xiyabanında geniş miqyaslı quruculuq-abadlıq işləri aparılmışdır.Şəhidlər Xiyabanına gedən yol təmir olunmuş, əraziyə tamet döşənmişdir. Daş Salahlıdakı ürəkaçan mənzərələrlə yaxından tanış olduqdan sonra növbəti ünvanımız rayonun Kosalar kəndi oldu. Kəndə girər-girməz tam müasir magistral yol kənd haqda olduqca müsbət ilkin təəssürat yaratdı. Xatırladaq ki, bu müasir standartlara cavab verən yolun açılışı keçən il cənab Prezidentimiz tərəfindən şəxsən həyata keçirilib. Kosalardakı 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının cari ildə əsaslı təmirdən sonrakı vəziyyəti Rayonda uşaqlara olan qayğının yüksək olduğundan xəbər verirdi. Hər iki müəssisə maddi-texniki təchizatla tam təmin olunaraq körpələrin istifadəsinə verilmişdir.
Qazax şəhəri son dövrlərdə sanki bütövlükdə tikinti meydançasına çevrilmişdir. Şəhərdə elə bir yer yoxdur ki, orada abadlıq və quruculuq gözə çarpmasın. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24  ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri qısa müddətdə başa çatmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq  əlavə 20 ədəd çoxmənzilli binalarda təmir işləri aparılmışdır. Cəmi 24 binaya qarşı 44 binada işlər görülərək başa çatdırılmışdır. Bundan əlavə Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binasında da təmir işləri yekunlaşmışdır. Təkcə cari il ərzində aparılmış bu cür gözəçarpan yeniləşmə çoxmənzilli binaların bütün sakinlərinin ürəyincə olmuşdur. Bundan başqa Qazax şəhərinin  mərkəzində yerləşən “Ədəbiyyat Muzeyi”ndə əsaslı təmir işləri aparılmış, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılmışdır. Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardurlar düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş,  yeni oturacaqlar qoyulmuş, qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş, işıq sistemi quraşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhərin mərkəzindəki Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır. Heydər Əliyev prospektində və digər küçələrdə  3890 p/m uzunluğunda yeni bardür düzülmüş, əraziyə tamet döşənmiş bu istiqamətdə işlər davam etdirilir. Heydər Əliyev Mərkəzinin dam örtüyündə və pilləkan qəfəsinin üst hissəsində təmir işləri aparılmışdır. Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma və abadlıq işləri başa çatdırılmış, əvvəl qoyulmuş “At heykəli” götürülərək yeni daha əzəmətli “At heykəli” qoyulmuşdur. Qazax şəhəri ərazisində hərbi şəhərcikdə Şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq   tikilib istifadəyə verilmişdir. 6 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir. Babək küçəsində yerləşən 30 yaşayış evinin tullantı sularının axıdılması məqsədilə diametri 200 mm olan uzunluğu 550 m uzunluğunda yeni kanalizasiya xətti çəkilmiş, Ş.Çobanov 10 ünvanında yerləşən yaşayış evlərinin tullantı sularının axıdılması üçün yeni kanalizasiya xətti tikilib istifadəyə verilmiş, H.Əliyev prospekti 179 saylı binanın zirzəmisindəki daxili magistral xətt yenisi ilə əvəz edilmişdir.
Rayonun bütün yaşayış məntəqələrində olduğu kimi ən ucqar sərhəd və cəbhəyanı kəndlərində də genişmiqyaslı tikinti və quruculuq işləri diqqəti cəlb edir. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu yaxınlarda verdiyi göstərişə əsasən sərhəd kəndi olan Cəfərli kəndinin uşaq bağçasında əsaslı şəkildə təmir və yenidən qurulma işlərinə başlanılıb. İlk növbədə indiyə kimi cəmi 2 otaqda yerləşən bağça üçün rayon rəhbərliyinin göstərişinə əsasən yeni otaqlar ayrılıb. Ayrılmış otaqlarda hal-hazırda təmir işləri aparılır. Əsaslı şəkildə və sürətlə həyata keçirilən işlərin nəticəsidir ki, qısa müddətdə nəzərdə tutulduğundan xeyli çox iş görülüb. Otaqlarda suvaq və üzçəkmə işləri başa çatdırılıb. Hazırda yeni döşəmə vurulur. Otaqlara müasir tipli qapı və pəncərələr qoyulub. İşlərin sürətlə və keyfiyyətlə aparılması belə deməyə əsas verir ki, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunması və yenidən qurulması işləri yaxın vaxtlarda başa çatdırılacaqdır. Cəfərliyə yeni asfalt yol çəkilir. Hal-hazırda asfalt vurulur və bu proses 1 km-dən çox məsafədə həyata keçirilib. Yolun çəkilişi yaxın vaxtlarda başa çatdırılacaqdır. Bu yol Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirəcək. Rayonun kənd  yaşayış məntəqələrindən 104 km  uzunluğunda  kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir. “Körpü-Bina-Tikinti” MMC tərəfindən uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli avtomobil yolunun və uzunluğu 2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım avtomobil yolu ilə birləşdirən avtomobil yolunun tikintisi başa çatdırılmışdır. “Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən, avtomobil yolunun tikintisi işləri yekunlaşmaq üzrədir. Cari ildə Rayonun Ermənistanla təmasda yerləşən  Ağköynək, Daş Salahlı, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Məzəm, Quşçu Ayrım, Abbasbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, İkinci Şıxlı və Fərəhli kəndlərində Polis məntəqələri tikilmişdir. Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilmiş, müasir tələblərə cavab verən binada yenidən fəaliyyətə başlamışdır. Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb binasının tikintisi başa çataraq istifadəyə verilmişdir. Kosalar kəndində yeni salınmış məhəllənin işıqlandırılması üçün 1 ədəd   160 kv gücündə transformator quraşdırılmışdır. Qazaxbəyli kəndi ərazisində yerləşən Məcburi köçkünlər üçün salınmış qəsəbənin çirkab su təmizləmə qurğusunda yerləşən 3 ədəd elektrik mühərriki və 2 ədəd nasos əsaslı təmir olunmuşdur. Ağköynək kəndində 40 yaşayış evinə subartezian quyusundan su xətti çəkilib istifadəyə verilmişdir.
Əhalinin sağlam həyat tərzi keçirtməsi üçün Qazaxda səhiyyə sisteminə xüsusi diqqət və qayğı göstərilir. Qazax Rayon Mərkəzi Xəstəxanasının 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım Stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana,  16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir. Fevral ayının 15-dən etibarən Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla həyata keçirilmişdir. 66673 nəfər əhali tibbi müayinədən keçirilmiş, 65191 nəfər sağlam hesab edilmiş, 1026 nəfər ambulator müalicəyə, 224 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir. Aprel ayının 22-də Səhiyyə Nazirliyinin tövsiyəsi ilə rayonda kütləvi qanvermə aksiyası keçirilmişdir. Aksiyada 70 litrə yaxın qan tədarük edilərək Respublika qan bankına verilmişdir.
Rayonda tədrisin keyfiyyətinin artırılması məqsədilə Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Rayon Təhsil Şöbəsi tərəfindən ayrı-ayrı fənlər üzrə 9 nəfər fənn müəllimləri və RTŞ-nın məsul işçilərindən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən tədrisin vəziyyətini öyrənmək məqsədilə 38 məktəbdə 268 müəllimin dərsləri dinlənilmişdir. Dinləmələrin nəticəsinə görə 86 müəllim yüksək, 169 müəllim orta, 13 müəllim isə zəif qiymətləndirilmişdir.  2016-2017-ci  tədris ilində rayon üzrə 777 nəfər məzundan 432 nəfəri ali məktəblərə qəbul imtahanında iştirak etmiş və 264 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur.  Bunlardan da 14 nəfər  600-dən yuxarı, 58 nəfər 500-dən  yuxarı bal toplamışlar. Məzunların qəbulolma göstəriciləri 61% olmuşdur. Bakı Dövlət Universitetinin Qazax filialında  13 ixtisas üzrə 689 tələbə təhsil alır. Tələbələrdən 611-i əyani, 78-i qiyabi olmaqla respublikamızın 54 rayonunu təmsil edirlər. Filialın yeni tədris korpusunun-kampus tələbə şəhərciyinin tikilib istifadəyə verilməsi üçün 6 hektar torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmışdır. Yaxın müddətdə təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır.
Əhalinin məşğulluğunun artırılması istiqamətində Qazaxda qeyri-neft sektorunun da böyük payı vardır. Hər  birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində  2 yeni Əhəng zavodunun tikintisi başa çatmışdır. Həmin zavodlarda 450-yə yaxın  yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.  “Azərxalça”ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin tikintisinin son tamamlama işləri də sürətlə davam etdirilir və yaxın günlərdə fəaliyyətə başlaması planlaşdırılır.
Son dövrlərdə Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. 2017-ci ilin məhsulu  üçün 2750,6 hektar arpa, 8277,7 hektar buğda olmaqla cəmi 11028,6 hektar taxıl becərilmişdir.  2017-ci ildə cəmi 36469 ton məhsul əldə olunmuşdur ki, bunun da 29840 tonu buğda, 6629 tonu isə arpadır. Bir hektar sahədən 36,00 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur. Keçən illə müqayisədə cəmi taxıl əkini 3219,8 hektar, götürülmüş məhsul isə 12660,8 ton, orta məhsuldarlıq isə  2,63 sentner çox olmuşdur.  2018-ci ildə 12266 hektar sahədə əkilməsi proqnozlaşdırılan payızlıq taxıl sahəsindən 6109 hektarında şum aparılmışdır. 2017-ci ildə 809 hektar kartof, 523 hektar şəkər çuğunduru, 504 hektar qarğıdalı, 34  hektar vələmir, 62,5 hektar günəbaxan, 483,3 hektar tərəvəz, 85,92 hektar süpürgə, 3336  hektar yonca, 5,6 hektar darı, 52 hektar paxlalılar, 50 hektar tütün, 31,4 hektar bostan bitkiləri  əkilmişdir.  2017-ci ilin yazında   50,5 hektar yeni fındıq bağı salınmış və cəmi fındıq bağları 222,83 hektar olmuşdur ki, bunun da 136 hektarı məhsuldar bağlardır. Bu il 460 ton fındıq məhsulu istehsal olunmuşdur. Ümumi meyvə bağları 1264 hektar, üzüm bağı 325 hektardır. Bu günə kimi 321 hektar üzüm bağından 1250 ton məhsul yığılmışdır.  Əkin sahələrindən 20570 ton kartof, 7598 ton pomidor və xiyar, 502 ton qarpız və yemiş, 612 ton baş soğan, 2726  ton qarğıdalı, 1300 ton kələm, 1040 ton badımcan, 900 ton bibər, 162 ton yerkökü, 10011 ton yonca, 88,4 ton vələmir, 25 ton sarımsaq, 585 ton tərəvəz lobyası, noxud və dənlik lobya, 5,6 ton darı, 185 ton göyərti, sarqo, mətbəx çuğunduru istehsal olunmuşdur. Cari ildə 50 tondan artıq quru tütün məhsulu istehsal edilərək Şəki şəhərindəki  “İlham M” MMC-yə təhvil verilmişdir. Əkilmiş 523 hektar şəkər çuğunduru sahəsinin  46 hektarından 683 ton şəkər çuğunduru çıxarılaraq İmişli Şəkər Zavoduna təhvil verilmişdir. Bu il rayonda 4623 kq barama istehsal edilmişdir, bu isə keçən ildən 3123 kq və ya 3,1 dəfə çoxdur.

  
Görülən işlər və əldə olunan uğurlu nəticələr onu deməyə əsas verir ki, tarixən bölgənin sosial-iqtisadi və elm mərkəzi olmuş qədim Qazax hal-hazırda intibah dövrünü yaşayır.

Vəli VƏLİYEV
    “Respublika”
    03.12.2017-ci il

Keçidlər