Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Molla Pənah Vaqif” və “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı olub

04 dekabr 2017 | 16:00

Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Konservatoriyasının və Beynəlxalq Muğam Mərkəzinin “Sirlər xəzinəsi” adlı birgə layihəsinə əsasən Böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclis keçirilib. Layihə çərçivəsində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı olub.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ziyalılar, ağsaqqallar, poeziya sevərlər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış olublar.
Sonra qonaqlar Yuxarı Salahlı kəndində M.P.Vaqifin və S.Vurğunun heykəllərini ziyarət edib, əziz xatirələrini ehtiramla anıblar.
“Fəxri qazaxlılar” parkında olaraq M.P.Vaqifin və M.V.Vidadinin qoşa abidəsini ziyarət ediblər. Şəhidlər Xiyabanında memorial önünə gül dəstələri qoyub, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğul və qızlarının xatirəsini yad ediblər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov ədəbi məclisdə giriş sözü ilə çıxış edərək açıq elan edib, qonaqları salamlayıb, M.P.Vaqif yurdunda görməkdən mənmunluq hissi keçirdiyini diqqətə çatdırıb. Geniş məruzə ilə çıxış edən İcra Başçısı M.P.Vaqif yaradıcılığından, onun Azərbcaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin Sərəncamı Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.
İcra Başçısı bildirib ki, Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır. Realist şeirin ilk nümunələri onun adı ilə bağlıdır. Vaqif poeziyası təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və s. mühitdə məşhur olmuşdur. Uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olduğundan, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də digər xalqların əlifbaları ilə yazıya alınmışdır. M.P.Vaqif şeirlərinin və düşüncə tərzinin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır. Bu baxımdan gələcək nəsillər, gənc şairlərimiz onun yaradıcılığından bəhrələnərək ədəbiyyatımızı daha da zənginləşdirməlidirlər.
Ədəbi məclisin aparıcısı, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra tədbirdə M.P.Vaqif haqqında Aztv-nin hazırladığı 7 dəqiqəlik film nümayiş olunub.
Filologiya elmləri doktoru, professor Rüstəm Kamal çıxış edərək M.P.Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, Vaqif Şərq poeziyasının bütün klassik formalarından istifadə etmiş və qəzəl, təcnis, müxəmməs, müstəzad, məsnəvi və s. formalarda şeirlər yazmışdır. Şeirlərinin bir qismi aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir. Aşıq şeirimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətverici rol oynayır. Onun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir edilir.
Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair  Barat Vüsal, AYB Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, AZƏRTAC-ın müxbiri, şairə Zərəngiz Dəmirçi Qayalı, şair Zaməddin Ziyadoğlu və başqaları çıxışı zamanı vurğulayıblar ki, Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən qidalanmışdır.
Tədbir boyu M.P.Vaqifin şeirlərindən, qəzəllərindən və qoşmalarından ibarət muğam və təsniflər, aşıq havaları ifa olunub.
İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında səslənən şeirlər, Respublikanın Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının müəllimləri Firuz Səxavətin, xanəndə Vüqar Əliyev ifaları tədbirə toplaşanlar tərəfindən böyük alqışlarla qarşılanıb.
Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbələrindən xanəndə Nuranə Şıxəliyevanın tarda Zəfər Əhmədli və kamançada Müşfiq Lətifovun müşaiyəti ilə səsləndirdiyi M.P.Vaqif şeirlərinə bəstələnən mahnılar tədbirə ayrı bir gözəllik bəxş edib.
Gənc aşıq Samir Allahverdiyevin M.P.Vaqif yaradıcılığından söylədiyi şeirlər və sazda ifa etdiyi bir-birindən şən, şux aşıq havaları  tədbirə xoş ovqat qatıb.
Ədəbi məclis Respublikanın Əməkdar artisti, Firuz Səxavətin ifasında “Torpağa düşdüm” şeirinə bəstələnən mahnı ilə başa çatıb.
Tədbir başa çatdıqdan sonra qonaqlar Qazax Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan eksponatlarla, tarixi şəxsiyyətlərin, şairlərin həyat və yaradıcılığını əks etdirən stendlərlə tanış olub, muzeyin xatirə kitabına öz ürək sözlərini yazıblar.

 

Keçidlər