Şriftin ölçüsü :

Saytın rəngi :

Şairə-jurnalist Zərəngiz Dəmirçi Qayalının yaradıcılıq gecəsi keçirilib

15 dekabr 2017 | 16:00

Bu gün Qazax rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə AYB-nin və AJB-nin üzvü Zərəngiz Dəmirçi Qayalının anadan olmasının 55 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.
Tədbir iştirakçıları “Fəxri Qazaxlılar” parkına baxdıqdan sonra Şəhidlər Xiyabanına gəliblər. Burada şəhid Vəfa Mansurovanın (Dəmirçioğlunun) xatirəsinə tikilmiş bulağa baxıblar. Şəhidin bacısı Zərəngiz Dəmirçi Qayalı şəhid bacısına bulaq tikdirdiyinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz adından və ailələri adından  dərin minnətdarlığını bildirib.
Sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkiblər.
Zərəngiz Dəmirçi Qayalının yaradıcılıq gecəsində Qazax RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, qonaqlar, ziyalılar, şairlər, yazıçılar, saz, söz adamları, şairənin ailə üzvləri və yaxın qohumları, təhsil, mədəniyyət, səhiyyə işçiləri, KİV nümayəndələri iştirak edib.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Göyəzən” qəzetinin xüsusi buraxılışı olan jurnalla və şairənin kitablarından ibarət sərgi ilə tanış olublar.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yaradıcılıq gecəsində çıxış edərək yubilyarı anadan olmasının 55 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, gələcək həyatında daha böyük yaradıcılıq uğurları arzulayıb. Qeyd edib ki, oxucularla ilk görüşə 1979-cu ildə “Qalibiyyət bayrağı” qəzetində dərc olunmuş şeirləri ilə gəlmiş Zərəngiz Dəmirçi Qayalı bu gün öz dəsti-xətti ilə seçilən şairələrimizdəndir. Onun poetik axtarışları “Gənclik”, “Ulduz” jurnallarında, “Ədəbiyyat” və “Bakı” qəzetlərində dərc olunmuşdur. Bu gün Zərəngiz Dəmirçi Qayalının “Haqqı sevdim”, “Vəfam mənim”, “Güllələnmişlər”, “Qayalı”, “Əziz rəhbər”, “Oğul” adlı şeir və poemalardan ibarət kitabları işıq üzü görmüşdür. Zərəngiz xanım eyni zamanda AZƏRTAC-ın Mədəniyyət, İncəsənət və Turizm Xəbərləri redaksiyasında müxbir kimi çalışır. Onun imzası bu gün hər kəsə bəllidir. Dövlətimiz tərəfindən də onun əməyinə yüksək qiymət verilmişdir. Şairə Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş 2-ci binada mənzillə təmin olunmuşdur. Bu münasibətlə də Zərəngiz xanımı təbrik edir, Qazaxın adını daim yüksəklərdə tutması naminə daha böyük nailiyyətlər arzu edirəm.
Tədbirin aparıcısı, AYB-nin üzvü, şair Mustafa Rasimoğlu çıxış edərək Zərəngiz Dəmirçi Qayalının həyat və yaradıcılığı, əldə etdiyi mükafatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək yubilyarın 55 illik ömür yoluna bir daha nəzər salıb.
AYB-nin şöbə müdiri Dayandur Sevgin, AYB Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Zərəngiz xanımı səmimi qəlbdən təbrik edib, ona ən xoş arzularını bildiriblər.
Şairlərdən Zaməddin Ziyadoğlu, Saqif Qaratorpaq, Səhlədar Hidayətoğlu, Tamella Poladlı, Gülsənəm Cəlili yubilyara həsr etdikləri şeirləri oxuyublar.
Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova və başqaları çıxış edərək şairənin yaradıcılığı, ədəbi fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Yaradıcılıq gecəsində aşıqlardan Şahin Süleymanov və Camoy Qurbanov saz havaları üstündə şairənin şeirlərini oxuyublar.
Qazax Dövlət Dram Teatrının aktyorlarından Yusif Qoca və Zəmanə Dərvişova yubilyarın şeirlərini ifa ediblər.
Daş Salahlı kənd 1 və 2 saylı tam orta məktəblərin şagirdlərinin ifasında kompozisiya nümayiş olunub, şairənin “Vəfam mənim” poemasından parçalar səsləndirilib.
Gecənin sonunda Zərəngiz Dəmirçi Qayalı çıxış edərək ona göstərilən diqqət və qayğıya, eləcə də saz, söz adamlarına verilən yüksək dəyərə görə Ölkə Başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirib. Bu cür yüksək səviyyədə yubiley tədbirinin təşkilinə və xüsusi yubiley jurnalının çap etdirilməsinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb, ailəsi adından öz razılığını bildirib.

 

Keçidlər