Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 1 saylı körpələr evi-uşaq bağçasının yeni tikilmiş binasının açılışı olub

25 dekabr 2017 | 16:00

Fəaliyyətə başladığı ilk gündən Qazax rayonunda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur.
Əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçası, bu günlərdə açılışı olan Cəfərli kənd uşaq bağçası bunun ən bariz nümunəsidir.
Bu gün Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.
Açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, şəhər sakinləri, KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri, şəhər sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib. Yeni bağçanın istifadəyə verilməsi münasibətilə müəllimlərə, valideynlərə, körpələrə  gözaydınlığı verib, ən xoş arzularını çatdırıb. Ölkəmizdə Respublika Prezidenti İlham Əliyev cənabları  tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. İcra Başçısı bildirib ki, bu sahədə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlər görülür.
Cənab Rəcəb Babaşov qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni etmişəm. Çalışmışam ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Artıq rayonumuzda bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses davam edəcəkdir. 2018-ci ilin sonuna kimi bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır.
  Bildiyiniz kimi, bu günlərdə körpələrlə bağlı möhtəşəm tədbir keçirildi. Şəhərdə fəaliyyət göstərən uşaq bağçaları arasında keçirilən “İlin bağçası” müsabiqəsində körpə fidanlar öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Tədbirin təşkil olunmasında əsas məqsəd bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdən ibarət idi. “İlin bağçası”nı seçmək, əsasən körpə balaların vətənpərvərlik ruhunda tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına sevgisini göstərmək idi. Mənim üçün tək münsiflərin verdikləri qiymətləndirməyə əsasən qalib olan bağça deyil, bütün bağçalar qalibdir. Mənim üçün hər bir uşaq qalib idi. Çünki mən bütün uşaqları sevirəm. Onların hər biri mənim doğma nəvələrimdir.  Mən bir daha bütün bağçaların kollektivlərini təbrik edirəm və arzu edirəm ki, belə müsabiqələrin sayı çox olsun.
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin nümayəndəsi Şəmil Allahverdiyev, Respublikanın Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək rayonumuzda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinə, eləcə də uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova müəllim və valideynlər, bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildirib, ən xoş arzularını çatdırıblar.
1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva çıxış edərək müəllimlər və valideynlər adından səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, bu gün açılışını etdiyimiz 100 yerlik körpələr evi-uşaq bağçasında körpə fidanların rahat şəkildə təlim-tərbiyə almaları üçün hər cür şərait yaradılıb, bağça bütün inventarlarla təmin olunub. Yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısına, rayon rəhbərinə bütün müəllim və valideynlər adından bir daha öz dərin minnətdarlığımı bildirirəm.
Sonra bağçada tərbiyə alan körpə fidanlar Vətən, Ana və Ordumuz haqqında şeirlər söyləyiblər.
  Uşaq bağçası binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları yeni bağçada yaradılan şəraitlə, yataq otaqları, mətbəx, oyun otaqları, musiqi otaqları, idman otağı ilə tanış olublar. Yeni bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
  Sonda cənab Rəcəb Babaşov bir daha xeyir-dua verərək bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.
  Məlumat üçün qeyd edək ki, 3 mərtəbədən ibarət olan yeni bağçada 5 qrup fəaliyyət göstərəcəkdir ki, onlardan 3-ü böyük, 2-si azyaşlı qruplardır.

 

Keçidlər