Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat Nəsibov ildönümündə yad edilib

27 oktyabr 2023 | 17:55

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ilə yaddaşlara əbədi həkk olundu. Həmin müharibə ilə xalqımızın 30 illik Qarabağ niskilinə 44 gündə son qoyuldu. 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, canını Vətən torpağına fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz döyüş meydanındakı qəhrəmanlıqları ilə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdilər.

Bu gün vətəndaş olaraq hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq. 

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 24 yaşında Şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi şəhidi əsgər Nəsibov Nicat Səməd oğludur.

Oktyabrın 27-si 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 3 il ötür. Bu gün Nicat Nəsibov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. 

Oktyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, şəhid ailələri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə payı olan Nicat kimi qəhrəman oğullarımızla bu gün hər kəsin fəxr etdiyi bildirilib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Torpaqlarımızın işğaldan azad olunması ilə şəhidlərimizin qisasının alındığı vurğulanıb. Şəhidlik zirvəsinə ucalan Nicat tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağı söylənilib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağı, onların qəlblərdə əbədi yaşayacağı dilə gətirilib. Vətən uğrunda canından keçən şəhidlərimizi yad etməyin hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olduğu söylənilib. Ölkəmizdə Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.

Şəhid atası Səməd Nəsibov şəhid ailəsi kimi hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin xatirəsinin yad olunmasını Nicatın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Nicat Nəsibov və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr etdiklərini söyləyib.

Şəhid Nicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulduğu kənddə yaşadığı evin qarşısında xatirəsini əbədiləşdirən bulaq inşa olunub.

Keçidlər